ÉYFÉL (Eiffel) Aleksandr Qustav (15.12.1832, Dijon – 28.12.1923, Paris) – fransız inşaat mühәndisi. Metal konstruksiyalardan geniş istifadә edәrәk bir sıra körpülәrin (Portuqaliyada Doru çayı üzәrindәn keçәn, aşırımı 160 m olan körpü vә s.), viadukların (Fransada Trüyer çayı üzәrindәki Qarabi viaduku vә s.), Santyaqoda vә Budapeştdә d.y. vağzalının, Nitsada rәsәdxana üçün fırlanan günbәzin vә s. tikililәrin layihәsini vermişdir. Panama kanalının tikintisindә, Nyu-Yorkdakı “Azadlıq heykәlinin” dәmir karkasının hazırlanmasında iştirak etmişdir. 1889 ildә E.-in layihәsi ilә Parisdә sәrgi üçün tikilmiş Eyfel qüllәsi (E. özü onu “300 m-lik qüllә” adlandırmışdır) ona dünya şöhrәti qazandırmışdır. 1900 ildәn sonra, әsasәn, aerodinamikaya aid tәdqiqatlarla mәşğul olmuşdur.