ÉYFÉL QÜLLƏSİ – Paris ümumdünya sәrgisi ilә әlaqәdar inşa edilmiş qüllә; 19 әsr memarlıq-mühәndislik nailiyyәtlәrindәn biri. Fransanın rәmzi kimi mәşhurdur. 1889 ildә fransız mühәndisi A.Q.Eyfelin layihәsi ilә sәrginin giriş tağı qismindә tikilmişdir. E.q.-nin kütlәsi 10 min t, hünd. 300 m-dir; 1930 ildә Nyu-Yorkda Krayslerbildinq (“Kraysler” korporasiyasının binası; hünd. 319,4 m) ucaldılanadәk dünyanın әn hündür tikilisi olmuşdur. 18 mindәn artıq metal hissәdәn, onların yığılması üçün 2,5 mln. pәrçim vә qadaqdan (iri dәmir mıx şәklindә bәrkidici detal) istifadә edilmişdir. Tikinti işlәrinin vaxtında başa çatması üçün (1887 il yanvarın 28-dә başlamış, 1889 il martın 31-dә tamamlanmışdır) bir-birinә geydirilmiş hissәlәrdәn istifadә olunmuş, pәrçimlәrin çox hissәsi әvvәlcәdәn bәrkidilmişdi. Tirlәrin çәkisinin 3 t-dan az olması metal hissәlәrin lazımi hünd.-ә qaldırılmasını asanlaşdırırdı. Tikinti işlәrinin әvvәlindә hündür kranlar, konstruksiyanın hünd.-ü artdıqda isә relslәrlә hәrәkәt edәn mobil kranlar tәtbiq olunmuşdu. Qüllәdәki ilk liftlәr hidravlik nasoslarla işlәyirdi. Qüllәnin ş. vә q. dayaqlarında “Fives-Lill” şirkәtinin 1899 ildә quraşdırdığı indiyәdәk istifadә olunan liftlәr 1983 ildәn elektrik mühәrriki ilә tәchiz edilmişdir (hidravlik nasoslar saxlanılır vә ziyarәtçilәrә nümayiş etdirilir). Qüllәnin ikinci vә üçüncü mәrtәbәlәri arasında bir-birini tarazlaşdıran ikikabinәli lift işlәyirdi. Bu qaldırıcı qurğu 1983 ildә 4 kabinәdәn ibarәt “Otis” markalı elektrik lifti ilә әvәzlәndi.
E.q.-nin açılış mәrasimindә 10 min qaz – işıqlandırma fәnәrindәn vә iki projektordan istifadә edilmişdi. Qüllәnin son ucunda quraşdırılmış mayak mavi, ağ vә qırmızı rәngli (Fransa bayrağının rәnglәri) işıqlar saçırdı. 1900 ildә qüllә ilk dәfә olaraq elektrik lampaları ilә bәzәdildi. 1898 ildә Ejen Dükrete E.q. ilә Panteon arasında (4 km mәsafә) ilk teleqraf seansı keçirmişdi. 1903 ildә simsiz teleqraf sahәsinin pioneri olan gen. Ferrye sınaqlar üçün E.q.-dәn istifadә etmişdi. 1906 ildәn qüllәdә radiostansiya yerlәşir. 1925 ildә oradan TV siqnalının retranslyasiyasına ilk cәhdlәr göstәrilmiş, 1935 ildәn isә E.q.-dәn müntәzәm olaraq TV proqramları yayımlanmışdır. TV antenası quraşdırıldıqdan (1957) sonra E.q.-nin hünd. 320,75 m-ә çatmışdır. E.q. hәr yeddi ildәn bir 60 t boya ilә rәnglәnir.
E.q. dörd sәviyyәyә ayrılır: aşağı (yerüstü) hissә; birinci mәrtәbә (57 m), ikinci mәrtәbә (115 m) vә üçüncü mәrtәbә (276 m). Ziyarәtçilәr üçün açıq olan hissәlәr dә uyğun olaraq bu yüksәkliklәrdә yerlәşir. Aşağı mәrtәbә 57 m hünd.-dә tağ qübbәsi (tağ-tavan) ilә birlәşәn dörd sütundan ibarәtdir. Qübbәnin üstündә kvadratşәkilli birinci platforma, onun üzәrindә isә yenә dә tağ-tavanla birlәşmiş dördsütunlu piramida-qüllә, piramida-qüllәdәn yuxarıda ikinci vә üçüncü platforma yerlәşir. Qüllәyә pillәkәnlәr (1792 pillә) vә liftlә qalxmaq olur. E.q.-ndә onun tarixini әks etdirәn sәrgi, restoranlar var.