EYGEN Manfred (d. 9.5.1927, Bohum, Almaniya) – fiziki kimya sahәsindә alman alimi, Nobel mükafatı laureatı (1967, R.C.R.Norriş vә C.Porter ilә birlikdә). Göttingen Un-tini bitirmişdir. 1951–53 illәrdә orada, 1953 ildәn Göttingendәki Maks Plank ad. Cәmiyyәtin Fiziki Kimya İn-tunda (1964 ildәn direktor) işlәmişdir. Əsas tәdqiqatları işlәyib hazırladığı kimyәvi relaksasiya spektrometriya metodları ilә ifratsürәtli kimyәvi reaksiyaların öyrәnilmәsinә hәsr olunmuşdur. Sulu mәhlulda hidrogen vә hidroksil ionlarının turşuәsas indikatorları ilә reaksiyalarının ki-netikasını temp-r sıçrayışı metodu ilә tәdqiq etmişdir. Zәif elektrolit mәhlullarda sürәtli reaksiyaların öyrәnilmәsi üçün elektrolitlәrin dissosiasiya dәrәcәsini yüksәldәn güclü elektrik sahәsinin tәtbiqinә әsaslanan metod tәklif etmişdir. E.-in sistemin periodik hәyәcanlanmasından istifadә etmәklә işlәyib hazırladığı metodların tәtbiqi sayәsindә elektrolitlәrin sulu mәhlullarında ion cütlәrinin yaranması vә ionların desolvatlaşması, protonun daşınma reaksiyaları, hidrogen rabitәlәrin yaranması hesabına karbon turşularının assosiasiyasının kinetikası vә s. haqqında mәlumatlar alınmışdır. Fermentativ kataliz, informasiyanın ötürülmә mexanizmi vә molekulyar biologiyanın digәr mәsәlәlәrini öyrәnmişdir.