EYLER BUCAQLARI – bir Oxyz düzbucaqlı Dekart koordinat sisteminin eyni başlanğıc koordinatlı vә eyni oriyentasiyalı digәr O xʹyʹzʹ düzbucaqlı Dekart koordinat sisteminә nәzәrәn vәziyyәtini tәyin edәn φ,ψ,θ bucaqları. E.b.-na bir koordinat sisteminin digәrinin oxlarına nәzәrәn fırlanması zamanı hәr iki sistemin üst-üstә düşmәsi kimi baxılır. Tutaq ki, u – Oxy vә Oxʹyʹ müstәvilәrinin kәsişmә düz xәtti ilә üst-üstә düşәn oxdur vә elә istiqamәtlәnmişdir ki, Oz, Ozʹ vә u sağ üçlüyü әmәlә gәtirir. ψ – Oxy müstәvisindә Ox oxunun Oy-ә әn kiçik dönmәsi istiqamәtindә Ox vә u arasındakı bucaq, θ – Oz vә Ozʹ arasındakı bucaq (π-ni keçmir), φ – Oxʹyʹ müstәvisindә u oxundan Oxʹ-in Oyʹ-ә doğru әn kiçik dönmәsi istiqamәtindә u vә Ox’ arasındakı bucaqdır. x, y, z vә xʹ, yʹ, zʹ arasında әlaqә:
x = (cosψcosφ – sin ψcosθsinφ)xʹ + (–cosψsinφ –sin ψcosθcosφ)yʹ + (sinψsinθ)zʹ,
y = (sinψcosφ + cosψcosθsin φ)xʹ + (– sinψsinφ + cosψcosθcosφ)yʹ + (– cosψsinθ)zʹ,
z = (sinθsinφ)xʹ + (sinθcosφ)yʹ + (cosθ)zʹ
E.b. elm alәminә L.Eyler (1748) tәrәfindәn daxil edilmişdir.