DRAM (yun. δρᾶμα – hәrәkәt) – 1) epos vә lirika ilә yanaşı, 3 әsas әdәbi növdәn biri. Teatr tamaşasının әsasını tәşkil etdiyi üçün hәm әdәbiyyata, hәm dә teatra aiddir. Mükalimә formasında yazılan vә sәhnәdә oynanılması nәzәrdә tutulan әsәrlәrә (faciә, komediya, dram, melodram, vodevil, fars) D. deyilir. Bәzәn yalnız oxunmaq üçün yazılan “oxu dramları” da olur. Geniş kütlә üçün nәzәrdә tutulduğuna görә daim әn aktual ictimai mövzuları әhatә edir. D.-ların әksәriyyәti, tarixi Aristotelә gedib çıxan hәrәkәtin vahidliyi prinsipinә әsasәn, müәyyәn peripetiyalara malik olan vahid daxili xәtt üzәrindә qurulur. D. münaqişә ilә başlayır, onun hәlli ilә dә bitir. Münaqişәnin hәll tәrzinin komik, tragik vә ya dramatik sәciyyәsinә görә D. üç әsas janra ( faciә, komediya vә dram) bölünür. V.Q.Belinski hesab etmişdir ki, “D.-a onun gedişatı vә inkişafı mexanizmindә zәruri olmayan heç bir obraz daxil edilmәmәli”, “qәrarların qәbul edilmәsi hadisәdәn yox, әsәrin qәhrәmanından asılı olmalıdır”.
D. kompozisiyasının әsasını onun mәtninin bir-birilә sıx bağlı olan sәhnә epizodlarına bölünmәsi tәşkil edir; tәsvir olunan real zaman hәrәkәtin vә qavrayışın bәdii zamanı ilә sәslәşir. D.-ın epizodlara bölünmәsi müxtәlif formalarda olur. Xalq, orta әsr vә Şәrq D.-larında, hәmçinin Şekspir, Puşkin (“Boris Qodunov”) vә Brextin pyeslәrindә zaman vә mәkan tez-tez dәyişir.
D.-da personajların dili hәlledici әhәmiyyәtә malikdir. Tәhkiyә ikinci dәrәcәlidir, bәzәn isә ümumiyyәtlә istisna edilir. Dramatik nitq dialoq sadәliyini vә monoloq bәlağәtini birlәşdirir; aktyor-personaj öz tәrәf-müqabillәri ilә dialoqa girir, yaxud tamaşaçıya fәrdi şәkildә müraciәt edir.
Öz tarixinin uzun bir dövründә (antik dövrdәn F.Şiller vә V.Hüqoya qәdәr) D., xüsusilә dә mәnzum D. onu natiqlik sәnәti vә lirik poeziya ilә yaxınlaşdırmış monoloqlara әsaslanmışdır. 19–20 әsrlәrdә D.-da bәlağәtli nitq tәnqid edilmiş, 19 әsr D.-larında dialoqlu başlanğıc üstünlük tәşkil etmiş (A.N.Ostrovski, A.P.Çexov), monoloq bәlağәti minimum dәrәcәyә enmişdir (H.İbsen). 20 әsrdә ictimai-siyasi ziddiyyәtlәrә (M.Qorki, V.V.Mayakovski, B.Brext) vә mәişәt problemlәrinә (J.Anuy, J.P.Sartr) müraciәt edәn D.-da monoloq yenidәn geniş yer tutmuşdur.
D.-da әsas tәlәb onun sәhnә texnikası ilә uzlaşa bilmәsidir. Bununla belә, yalnız oxunmaq üçün nәzәrdә tutulmuş D.-lar (alm. Lesedrama, ing. closet drama) da var (D. vә teatrın yaranma tarixinin üst-üstә düşmәdiyi Şәrq ölkәlәrinin D.-ları, 15 әsrә aid “Selestina” ispan dram-romanı, C.Bayronun faciәlәri, İ.V.Götenin “Faust”u). İstәnilәn әdәbi növ vә janrı mәnimsәmiş 20 әsr teatrı D. ilә oxu dramları arasındakı fәrqi aradan qaldırmışdır.
20 әsrin ortalarında real tarixi hadisәlәri әks etdirәn sәnәdli D.-lar meydana gәlmişdir (M.F.Şatrovun “Altı iyul”, “İnqilabi etüd” әsәrlәri vә s.).
D. әdәbi növ kimi tarixәn epos vә lirikadan sonra yaranmışdır. D.-ın mәnşәyini dramatik folklor – xalq ayin, oyun vә mәrasimlәri tәşkil edir (qәdim yunanlarda Dionis bayramları, Azәrb.-da “Novruz”, “Sayaçı” kimi mövsüm bayramları, “Kilimarası”, “Kosa-gәlin” oyunları, “Maral oyunu”, “Tәnbәl qardaş” mәzhәkәlәri, şәbih tamaşaları vә s.). Klassik D. Qәdim Yunanıstanda yaranmış, yunan demokratiyası dövründә (e.ә. 6–5 әsrlәr) әn yüksәk sәviyyәyә çatmışdır (Esxil, Sofokl, Evripid, Aristofan). Qәdim Roma D.-ları Plavtın, Terensinin komediyaları, Senekanın faciәlәri ilә tәmsil olunurdu. Orta әsrlәrdә ayrı-ayrı ibadәt mәrasimlәrinin sәhnәlәşdirilmәsi xristian D.-ının yaranmasına gәtirib çıxardı. Orta әsr dünyәvi D.-ları Adam de la Alın “oyunları” ilә tәmsil olunurdu. Orta әsrlәrin sonlarında D.-ın fars, fastnaxtşpil, soti kimi janrları meydana gәldi. 16 әsrdә Avropada İntibah dramaturgiyasının zirvәsi olan K.Marlo, U.Şekspir, B.Conson, Lope de Veqa, P.Kalderon, Ritso de Molinanın әsәrlәri yarandı. Klassisizm D.-ın inkişaf tarixindә yeni mәrhәlә oldu (J.B.Molyer, P.Kornel, J.Rasin). “Fırtına vә tәzyiq” әdәbi hәrәkatı İ.V.Göte, Q.Lessinq vә İ.F.Şillerin D.-ları ilә әlamәtdardır. V.Hüqo, P.Merime vә C. Bayronun әsәrlәri romantik D.-ın nümunәsidir. D.-ın yeni inkişaf mәrhәlәsi 19 әsrin sonu –20 әsrin әvvәllәrinә tәsadüf edir (H.İbsen, H.Hauptman, A.Strindberq, B.Şou vә b.). 20 әsr D.-ında ictimai-didaktik mövzu R.Rollan, C.Pristli, Y. O’Nil, L.Pirandello, K.Çapek, A.Miller, E. De Filippo, F. Dürrenmatt vә b. ilә tәmsil olunmuş, ictimai-siyasi ziddiyyәtlәr B.Brextin yaradıcılığında öz әksini tapmışdır. 20 әsrin ortalarında absurd teatrı inkişaf etmişdir (E.İonesko, A.Adamov, S.Bekket vә b.). F.Bruknerin yaradıcılığında tarixi D., J.Anuy vә J.P.Sartrın yaradıcılığında ekzistensializmlә bağlı intellektual D. inkişaf etmişdir. 20 әsrin 2-ci yarısında absurd teatrı H.Pinter, S.Mrojek, V.Havel, T.Bernhardt vә b.-nın yaradıcılığı ilә tәmsil olunmuşdur.
Şәrqdә D.-ın inkişafı 1 әsrin ortalarına (Hindistanda Kalidasa, Bhasa, Şudrakanın әsәrlәri), çiçәklәnmәsi 19 әsr – 20 әsrin әvvәllәrinә tәsadüf edir. Yaxın vә Orta Şәrqdә klassik yazılı D.-ın banisi M.F.Axundzadәdir. Daha sonra N. Vәzirov, Ә.Haqverdiyev, N.Nәrimanov, Ü.Hacıbәyli, C.Mәmmәdquluzadә, S.S. Axundov realist Azәrb. dramaturgiyasını inkişaf etdirmişlәr. 20 әsrin әvvәlindә H. Cavid “Ana”, “Şeyx Sәnan”, “İblis” әsәrlәri ilә Azәrb. әdәbiyyatında mәnzum faciә janrının әsasını qoymuşdur. C. Cabbarlı (“Oqtay Eloğlu”, “Od gәlini”, “Sevil”, “Almas” pyeslәri), S.Vurğun (“Vaqif”, “İnsan” mәnzum D.-ları), İ.Әfәndiyev (“Sәn hәmişә mәnimlәsәn”, “Mәhv olmuş gündәliklәr”, “Mahnı dağlarda qaldı” vә s. pyeslәri) milli dramaturgiyanı daha da zәnginlәşdirmişlәr. D. 20 әsrin 2-ci yarısında Nәbi Xәzri (“Sәn yanmasan”, “Mәnsiz dünya”, “Gecә döyülәn qapılar”, “Burla Xatun”), B.Vahabzadә (“Yağışdan sonra”, “Fәryad”, “Özümüzü kәsәn qılınc”, “Dar ağacı”, “Hara gedir bu dünya”), N.Hәsәnzadә (“Atabәylәr” , “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”), Elçin (“Ah, Paris… Paris”, “Poçt şöbәsindә xәyal”, “Arılar arasında”) vә b.-larının yaradıcılığı ilә tәmsil olunmuşdur.
2) Nәzm, yaxud nәsr formasında yazılan faciә vә komediya ilә yanaşı, dramatik әdәbi növün janrlarından biri. Komediya kimi insanların şәxsi hәyatını әks etdirir. Lakin D.-da әsas mәqsәd gülüş yox, insan- ların cәmiyyәtdәki münasibәtlәrinin dramatikliyinin ifadәsidir. Faciә kimi
D.-da da qarşıdurmalar yaradılır, lakin kәskinlәşmir, çox zaman orta mövqeli qәrarların verilmәsinә şәrait yaradılır. D. müstәqil janr kimi 18 әsrin 2-ci yarısında inkişaf etmişdir (D. Didro). 19 әsrin tәnqidi realizmindә D. daha geniş vüsәt almışdır. 19–20 әsrlәrdә ictimai-psixoloji D.-lar mühüm yer tuturdu.
Әd.: H a q v e r d i y e v Ә. Azәrbaycanda teatr. Seçilmiş әsәrlәri, 2 cilddә. С. 2, B., 1957; S u l t a n l ı Ә. Azәrbaycan dramaturgiyasının inkişafı tarixindәn. B., 1964; Q a r a y e v Y. Faciә vә qәhrәman. B., 1965; y e n ә o n u n. Sәhnәmiz vә müasirlәrimiz. B., 1972; M ә m m ә d A r i f. Dramaturgiyamıza bir nәzәr. Seçilmiş әsәrlәri, 3 cilddә. С. 1, B., 1967; C ә f ә r o v C. Azәrbaycan teatrı. B., 1974; K ә r i m o v İ. Azәrbaycan peşәkar teatrının tarixi vә inkişaf mәrhәlәlәri. B., 2002; Б е л и н с к и й. В. Г. О драме и театре. М., Л., 1948; Б р е х т Б. О театре, пер. с нем. М., 1960; С а х н о в с к и й - П а н а ев В.А. Драма. Л., 1969; К а р я г и н А.А. Драма как эстетическая проблема. М., 1971; А н д р е е в М.Л. Средневековая европейская драма: происхождение и становление (X-XIII вв.). М., 1989; К о с т е л я н е ц Б.О. Мир поэзии драматической… Л., 1992.