DRONQOLAR (Dicruridae) – sәrçәkimilәr dәstәsindәn quş fәsilәsi. Uz. 18–38 sm, kütlәsi 50 q-adәk olur; şaquli oturuşuna vә davranış xüsusiyyәtlәrinә görә milçәkqapanlara oxşayır. Başı iri, boynu qısadır; dimdiyi möhkәm, әsasında enlilәşmiş, qarmaqvarı, dimdiküstlüyünün ucunda kiçik kәsik vardır; ağız bucaqlarında cod qılcıqlar yaxşı inkişaf etmişdir. Qanadları uzun vә itiucludur. Quyruğu çәngәlvarı, yaxud liraşәkillidir. Bir çox növlәrdә gözün quzehli qişası (әlvan tәbәqә) qırmızıdır. Lәlәk örtüyü yaşlı fәrdlәrdә yaşıl, göy vә ya bәnövşәyi parıltılı qaradır (az hallarda, bәzәn boz, yaxud ağımtıl), cavan fәrdlәrdә isә solğun, bәzәn açıq rәngli lәkәli olur. 2 cinsi, 22 növü var. Asiyanın tropik meşәlәrindә ağaclarda yaşayırlar. Dağlara 4000 m-әdәk yüksәkliyә qalxa bilirlәr. Havada tutduqları cücülәrlә vә xırda meyvәlәrlә, iri növlәri isә xırda kәrtәnkәlәlәr, quşlar vә yarasalarla qidalanırlar. D. 3– 20 m hünd.-dә kol vә ağacların haça budaqlarında hörümçәk toru ilә bir-birinә bәndlәnmiş bitki gövdәlәri vә liflәrindәn toxuduqları yüngül kasaşәkilli yuvalarını mamırla örtüb maskalayırlar. Yuvanı yırtıcı quşlardan fәal mühafizә edirlәr. Nәğmәlәri kәskin vә melodik sәslәrdәn ibarәtdir; növlәrin bir qismi mahir sәs tәqlidçilәridir. Adәtәn, 3–4 yumurta qoyur, bәzi növlәri isә mövsüm әrzindә 2–3 dәfә nәsil verir. Bütün növlәri BTMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir. 5 növün populyasiyası yox olmaq tәhlükәsi altındadır.
Ъяннят дронгосу (Dicrurus paradiseus).