EYNİLİK PRİNSİPİ – kvant mexanikasının fundamental prinsipi; aşağıdakı ideyanı ifadә edir: eyni zәrrәciklәrin (EZ) yerini dәyişdirmәklә alınan zәrrәciklәr sisteminin halını heç bir eksperimentin kömәyilә fәrqlәndirmәk olmaz vә bütün bu hallar eyni bir fiziki hal kimi sәciyyәlәndirilmәlidir. E.p. kvant mexanikası ilә klassik mexanika arasındakı mühüm fәrqlәrdәn biridir. Klassik mexanikada, prinsip etibarilә, ayrıca götürülmüş zәrrәciyin trayektoriyasını izlәmәklә, onu digәr zәrrәciklәrdәn fәrqlәndirmәk olar. Kvant mexanikasında EZ fәrdilikdәn tamamilә mәhrumdur. Kvant mexanikasında zәrrәciyin vәziyyәti (halı) dalğa funksiyası (ψ) ilә tәyin olunur, bu isә zәrrәciyin ancaq fәzanın müәyyәn nöqtәsindә ola bilәcәyi ehtimalı (׀ψI²) ifadә edir. Əgәr iki (vә ya daha çox) EZ-in dalğa funksiyaları fәzada bir-birini örtәrsә, hansı isә bir zәrrәciyin fәzada müәyyәn bir nöqtәdә yerlәşmәsi haqda danışmağa dәymәz; ancaq bu nöqtәdә verilmiş zәrrәciklәrdәn birinin ola bilәcәyi ehtimal haqqında danışmaq mümkündür. E.p.-nin mahiyyәtini ifadә edәn empirik fakt ondan ibarәtdir ki, tәbiәtdә EZ-dәn tәşkil olunmuş sistemlәr üçün ancaq iki növ dalğa funksiyası mövcuddur: simmetrik dalğa funksiyaları – EZ-in istәnilәn cütünün fәza vә spin koordinatlarının yerini dәyişdirdikdә, dalğa funksiyası dәyişmir; qeyri-simmetrik dalğa funksiyaları analoji yerdәyişmәlәr zamanı dalğa funksiyası işarәsini dәyişir. Kvant sahә nәzәriyyәsinә görә, simmetrik dalğa funksiyaları tam spinә malik zәrrәciklәri (fotonlar, π-mezonlar vә s.), qeyri-simmetrik dalğa funksiyaları isә yarım spinә malik zәrrәciklәri (elektronlar, protonlar, neytronlar vә s.) xarakterizә edir. 1-ci halda zәrrәciklәr Boze–Eynşteyn statistikasına, 2ci halda isә Fermi–Dirak statistikasına vә Pauli prinsipinә tabedir.
E.p.ndәn irәli gәlәn vә klassik fizikada analoqu olmayan kvant effektlәrindәn biri dә qarşılıqlı mübadilә tәsirinin mövcudluğudur. E.p.-nә әsaslanaraq alman fiziki Heyzenberq helium atomunun iki halının – orto vә paraheliumun mövcudluğunu izah etmişdir.