ÉYSLER (Eisler) Hans (6.7.1898, Leypsiq – 6.9.1962, Berlin) – alman bәstәkarı, pedaqoq vә ictimai xadim. Uşaqlığı vә gәncliyi Vyanada keçmiş, ibtidai musiqi tәhsilini dә orada almışdır. 1919 –23 illәrdә A.Şönberqdәn kompozisiya dәrslәri almışdır. 1924 ildәn Berlindә yaşamışdır. E. şairlәrdәn E.Vaynert, B.Brextlә, bir çox mahnı vә balladalarının ifaçısı, müğәnni E.Buşla әmәkdaşlıq etmişdir. Yaradıcılığının ilk dövründә ekspressionizmә meyil etmişdir.
1933 ildә faşist çevrilişindәn sonra E. Almaniyadan mühacirәt edәrәk – 1933–38 illәrdә Avropanın müxtәlif ölkәlәrindә (Fransa, İspaniya vә s.), 1938–48 illәrdә ABŞ-da yaşamışdır.
Mühacirәtdә olduğu zaman E. “Alman simfoniyası”, “Lenin” rekviyemi, “Müharibә әleyhinә” kantata, ork. üçün 5 pyes, “Kaliforniya balladası” radiokantata, instrumental müşayiәt ilә sәs üçün 9 kamera kantatası yaratmışdır. 1948 ildә ABŞ-ı tәrk etmiş, bir müddәt Avstriyada yaşamış, sonra isә Berlindә mәskunlaşmış vә ADR-in (Almaniya Demokratik Respublikası) aparıcı bәstәkarlarından biri olaraq fәaliyyәt göstәrmişdir. Berlin Ali Musiqi Mәktәbindә kompozisiyadan dәrs demiş, ADR İncәsәnәt Akademiyasının rәhbәrlәrindәn biri olmuşdur. Şair İ.Bexerin sözlәrinә ADR-in Dövlәt himnini bәstәlәmişdir (1949). Bu dövrdә E. alman klassik әnәnәlәrinә söykәnәn yüksәk, işıqlı vәtәndaş lirikasının nümunәlәrini yaratmışdır. “Əsrin serenadası” kantatası, “Örnәk” (İ.V.Götenin sözlәrinә) vokal triptixi, “KuyanBulakdan olan xalçaçılar” (Brextin әsәri üzrә) kantatası bu sıradandır.
E. mәqalәlәr, rәylәr, müasir musiqi sәnәtinin mәsәlәlәri üzrә oçerklәrin müәllifi olmuşdur. Musiqi estetikasına dair mülahizәlәri Notovitsin “H.Eysler ilә söhbәtlәr” (1971) vә “H.Eysler. Q.Bunge ilә söhbәtlәr” (1970, 1975) kitablarında toplanmışdır. Alman incәsәnәt akademiyasına üzv seçilmiş, ADR Milli mükafatlarına layiq görülmüşdür (1950, 1958).