EYZENHAUER (Eisenhower) Duayt Devid (14.10.1890, Texas ştatı, Denison – 28.3.1969, Vaşinqton) – ABŞ-ın 34-cü prezidenti (Respublikaçılar partiyasından), dövlәt vә hәrbi xadimi, ordu generalı (1944 ildәn). ABŞ İkinci dünya müharibәsinә qoşulduqdan sonra bir sıra rәhbәr hәrbi vәzifәlәrdә olmuş, 1943 ilin dekabrında müttәfiqlәrin Qәrbi Avropadakı ekspedisiyaqoşunlarının baş komandanı tәyin edilmişdi. E. 1945 ildә Almaniyadakı Amerika qoşunlarının baş komandanı, 1945 ilin noyabrından 1948 ilәdәk ABŞ silahlı qüvvәlәri Baş Qәrargahının rәisi, 1948–52 illәrdә Nyu-Yorkdakı Kolumbiya Un-tinin prezidenti, 1950–52 illәrdә Avropada NATO silahlı qüvvәlәrinin baş komandanı idi. E.-in prezidentliyi dövründә (1953–61) ölkәdәki daxili siyasәt “dinamik mühafizәkarlıq” adını aldı. İqtisadiyyatın idarә olunmasına dövlәtin müdaxilәsi zәiflәdi. E. hökumәti iqtisadi durğunluğun aradan qaldırılması, işsizliyin minimum hәddә endirilmәsi vә inflyasiyaya yol verilmәmәsi ilә bağlı qarşıya qoyduğu vәzifәlәrә әsasәn nail oldu. E.-in әn böyük xidmәtlәrindәn biri ştatlararası avtomagistralın tikintisinә başlanılması (1956) idi. İrqi ayrı-seçkiliyi lәğv etmәk üçün tәdbirlәr hәyata keçirildi. 1960 ildә ABŞ Konqresi qaradәrili әhalinin seçki hüququnu müdafiә edәn “Vәtәndaş hüquq vә azadlıqları haqqında akt”ı qәbul etdi. E. hökumәtinin xarici siyasәti hәrbi-siyasi blokların yaradılmasına, Yaxın vә Orta Şәrqdә üstünlüyünün әldә olunmasına (Eyzen hauer doktrinasının qәbul edilmәsi), Şәrqlә Qәrb arasında münasibәtlәri tәnzimlәmәyә, Afrikada möhkәmlәnmәyә yönәlmişdi. E.-in Latın Amerikası vә Qәrbi Avropa ölkәlәrinә olan sәfәrlәri (1959–60) tәrәflәr arasındakı qarşılıqlı münasibәtlәri xeyli inkişaf etdirdi.