ÉYZENHAUER DOKTRİNASI, D a l l e s - E y z e n h a u e r d o k t r i n a s ı – ABŞ-ın Yaxın vә Orta Şәrqdә xarici siyasәt doktrinası. ABŞ dövlәt katibi C.F.Dalles tәrәfindәn hazırlanmış, prezident D.Eyzenhauerin konqresә mәktubunda (1957, 5 yanvar) irәli sürülmüşdü. Eyzenhauerin bu mәktubu SSRİ vә beynәlxalq kommunizmin tәcavüzünә qarşı yönәldilmişdi. Yaxın vә Orta Şәrq regionunda böhranlı vәziyyәtin mövcudluğu, dünya neft ehtiyatının 2/3 hissәsinin burada yerlәşmәsi, Yaxın Şәrqin Avropa, Asiya vә Afrika arasında qapı rolunu oynaması vә üç dinin yarandığı әrazi amillәrini önә çәkәn prezident Yaxın vә Orta Şәrqdә ABŞ hәrbi qüvvәlәrindәn istifadәyә icazә verilmәsini konqresdәn tәlәb edirdi. Doktrinanın başlıca mәqsәdi Yaxın vә Orta Şәrqdә B.Britaniya vә Fransanın tәsirinin zәiflәmәsi nәticәsindә yaranmış boşluğu doldurmaq vә kommunizmin bu regionda yayılmasına yol vermәmәk idi. 1957 ilin martında tәsdiq olunmuş E.d. Yaxın vә Orta Şәrq dövlәtlәrinә hәrbi vә iqtisadi yardım göstәrilmәsini, hәmçinin bu rayonda ABŞ silahlı qüvvәlәrindәn istifadә edilmәsini nәzәrdә tuturdu. ABŞ-ın Yaxın vә Orta Şәrqdә müharibә vә sülh mәsәlәlәrini sәrbәst vә birtәrәfli qaydada hәll etmәk, region ölkәlәrinin daxili işlәrinә qarışmaq, onların xarici siyasәt mәsәlәlәrinә nәzarәt etmәk cәhdlәrini әks etdirәn E.d. әslindә sülh vә tәhlükәsizlik, dövlәt müstәqilliyi vә xalqların azadlığı prinsiplәrinә zidd idi. BMT Nizamnamәsini vә beynәlxalq hüququ kobud surәtdә pozan E.d. ABŞ konstitusiyasına da zidd olaraq prezidentә konqresdәn kәnar nәzarәtsiz hәrbi sәlahiyyәtlәr verirdi. 1957 ilin yanvar vә fevral aylarında Qahirәdә keçirilmiş müşavirәdә Misir prezidenti C.Nasir, Sәudiyyә Ərәbistanı kralı Sәid ibn Əbdül Əziz, İordaniya kralı Hüseyn ibn Tәlal, Suriyanın baş naziri Əsali bu doktrinanı rәdd etdilәr. Bundan fәrqli olaraq,
Livan, İraq, İran, Türkiyә, hәmçinin İsrail E.d.-nı dәstәklәdilәr. İordaniyanı Suriyanın “tәcavüzündәn qorumaq” bәhanәsi ilә ABŞ 1957 ildә iki dәfә E.d.-ndan istifadә etdi. 1958 ildә Livana qarşı açıq müdaxilәyә başladı. 1967 ildә isә ABŞ İsrailin әrәb ölkәlәrinә qarşı silahlı tәcavüzünü müdafiә etdi.