ÉZRA (yun. Έσδράς; lat. Esdras) (e.ә. 5 әsr) – Əhdi-әtiqdә kahin, yәhudi din islahatçısı. E. haqqında әsas mәnbә Əhdi-әtiqdәki “Ezra” vә “Nehemya” kitablarıdır. Baş kahin Harunun nәslindәn olan Serayanın oğludur (Ez. 7: 1–5).
E. fars padşahı Artaxşastanın (Artakserks) göstәrişi ilә Babil sürgünündәn sonra Yerusәlimә dönәnlәrin başçısı olmuşdur. Fәrat çayının q.-indәki xalqa hakimlәr tәyin etmәk hüququ almış (Ez. 7:25), yenidәn tikilmiş Yerusәlim mәbәdindә ibadәti vә Musanın qanunlarına riayәti bәrpa etmişdir. Qeyri-yәhudilәrlә evlәnәnlәrin nikahını lәğv etmişdir. Buna görә dә o, müasir iudaizmin banisi sayılır. E. bәzәn Quranda (9:30) adı çәkilәn Üzeyirlә eynilәşdirilir.
İosif Flavi “Yәhudilәrin uzaq keçmişi” (“Antiquitates Judaicae”) әsәrindә (XI, 158) göstәrir ki, E. ahıl yaşında vәfat etmiş vә Bәsrә ş. yaxınlığındakı Uzer k.-ndә dәfn olunmuşdur.