ƏBCƏD (ابجد) – әrәb әlifbasının ilkin sıralanması; әrәb hәrflәrinin ifadә etdiyi rәqәmlәrә әsaslanan hesab sistemi. Ə. asan yadda saxlanması üçün 28 әrәb hәrfinin sıra ilә bitişdirilmәsindәn әmәlә gәlmiş, heç bir mәna ifadә etmәyәn 8 sözdәn [әbcәd (ابجد), hәvvәz (هوز), ), hutti (حطى), kәlәmәn (كلمن), sәʼfәs (سعفص), qәrәşәt (قرشت), sәxәz ( ثخذ), zәzәğ (ضظغ)] birincisidir. Ardıcıllıqla tәkliklәri (1–9-cu hәrflәr), onluqları (10–18-ci hәrflәr), yüzlüklәri (19–27-ci hәrflәr) vә mini (28-ci hәrf) ifadә edәn ilk әrәb әlifba sıralanması (әt-tәrtibülәbcәdi) әmәvi xәlifәsi Əbdülmәlikin dövründә yazılışca bir-birinә bәnzәr hәrflәrin ardıcıllığından ibarәt müasir әlifba sırası ilә әvәzlәnmişdir. Ə. sisteminin әrәb әlifbasına ibrani vә arami әlifbaları vasitәsilә nәbati yazısından keçdiyi qәbul edilir. Hәr hәrfin hansı rәqәmi ifadә etmәsi baxımından müxtәlif Ə. cәdvәllәri hazırlansa da, böyük Ə., kiçik Ə. vә orta Ə. hesabları, bunlardan isә “Ə.” adı ilә eynilәşdirilmiş böyük Ə. daha çox yayılmışdır. Ə. sırasından klassik vә müasir әrәbdilli әsәrlәrdә sәhifәlәrin, fәsillәrin, şәxs vә yer adlarının tәrtibindә istifadә edilir. Ə. orta әsrlәr islam dünyasında memarlıqda (xüsusilә Memar Sinan), musiqidә, fizika, riyaziyyat, astronomiya vә s. elmlәrdә geniş tәtbiq edilmişdir.
10 әsrdәn Şәrq musiqişünasları sәslәrin ifadәsi üçün Ə. sistemindәn istifadә etmәyә başlamışlar. İlk dәfә Kindinin “Risalә fi xubri-tәlifil-әlhan” әsәrindә Ə.-lә yaratdığı tabulaturada udda ifa olunmaq üçün ritmik melodiya nümunәsi verilmişdir. Sonralar Ə. notunu Farabi, İbrahim Mosuli, Əbülfәrәc İsfahani, İbn Sina vә b. inkişaf etdirmişlәr. Daha mükәmmәl Ə. notu nümunәlәri 13 әsr Azәrb. musiqişünası Sәfiәddin Urmәvinin adı ilә bağlıdır. O, bir sәkkizliyi 17 sәsә bölәrәk hәr birini bir hәrf, yaxud hәrf birlәşmәsiylә işarә etmişdir. 14 әsrdә onun metodunu Əbdülqadir Marağayi davam vә inkişaf etdirmişdir. Ə. sistemi 19 әsrәdәk muğam notasiyasında istifadә olunmuşdur.
Hәrf simvolizminin, әdәdlәrin sözlәrlә kodlaşdırılması vә Quran ayәlәrinin deşifrә edilmәsi әnәnәlәrinin әsasını tәşkil edәn Ə. sistemi sufi tәlimlәrindә, xüsusilә hürufilikdә, elәcә dә cәfr, әl-kimya kimi “gizli elmlәr”dә mühüm yerә malik idi. Orta әsrlәr Şәrq әdәbiyyatında müәyyәn hadisәlәrin baş verdiyi tarixlәrin sözlәrlә kodlaşdırılmasında Ə.-dәn geniş istifadә edilmişdir. Hәmçinin bax Maddeyitarix.