ƏBDÜLƏZİZ (9.2.1830, İstanbul – 4.6. 1876, orada) – Osmanlı sultanı [1861–76]. Sultan II Mahmudun oğlu, I Əbdülmәcidin qardaşıdır. Ə. saray mәsrәflәrini azaltmaq mәqsәdilә hәrәmxana saxlamayacağını bildirmiş vә bu xidmәtdә olan bir sıra mәmuru saraydan uzaqlaşdırmış, sarayda qızıl, gümüş kimi qiymәtli әşyaların işlәdilmәsini qadağan etmişdi. 1863–66 illәrdә Misirә sәfәri zamanı әrazinin Osmanlı dövlәtindәn asılılığını qoruyub saxlamaq mәqsәdilә Misir valisinә irsi xәdiv titulunu vermәyә mәcbur olmuşdu. 1867 ildә Serbiya qalalarından türk ordusunu geri çәkmiş, Krit a.-nı isә yunanlara vermәkdәn imtina etmişdi. Avropa ölkәlәrinә (İngiltәrә, Fransa, Prussiya, Avstriya vә s.) sәfәr edәn (1867) ilk Osmanlı sultanıdır. 1870 ildә müstәqil bolqar kilsәsinin fәaliyyәtinә icazә vermәklә, bolqarların muxtariyyәt әldә etmәsinә zәmin yaratmışdır. Hakimiyyәti dövründә dәyәrdәn düşmüş kağız pullar (qaimә) dövriyyәdәn çıxarılmış (1862), ilk dәfә poçt markası buraxılmış, Osmanlı bankı yaradılmış (1863), Osmanlı ordusu müasirlәşdirilәrәk ilk dәfә zirehli döyüş gәmisi ilә tәchiz olunmuş (1864), Sәnaye mәktәbi (1865), Mәktәb-i Tibbiyye-yi Şahanә adlı ilk tibb mәktәbi (1866) vә Darülfünun (İstanbul Unt-i) fәaliyyәtә başlamış (1870), d.y. şәbәkәsi genişlәndirilmişdir. Lakin onun dövründә hәyata keçirilәn Tәnzimat siyasәtinin növbәti mәrhәlәsi Osmanlı imperiyasını uzunmüddәtli sosial vә siyasi böhrandan çıxara bilmәmiş, dövlәt borcunun artması isә 1875 ildә maliyyә böhranı ilә nәticәlәnmişdir. Qiymәtlәrin artması, Babi-Alinin xarici siyasәtdә digәr dövlәtlәrdәn asılılığının güclәnmәsi vә xarici sahibkarların imtiyazlı mövqeyi kütlәvi narazılıqlara sәbәb oldu. 1876 il mayın 30-da İstanbulda baş vermiş saray çevrilişi nәticәsindә Ə. devrilmiş, bir neçә gündәn sonra isә öldürülmüşdür.