DÜNYA OKEANI ZONALLIĞI – Dünya okeanında coğrafi qurşaq vә zonaların qütblәrdәn ekvatora doğru ardıcıl dәyişmәsi. Okean sәthindә günәş radiasiyasının vә külәk enerjisinin enliklәr üzrә qeyri-bәrabәr paylanması ilә әlaqәdardır. D.o.z. üçölçülüdür: eninә sәthi zonallıq, şaquli vә dib zonallığı. İlk üçölçülü zonallıq sxemi (şimali soyuq, mәrkәzi isti vә cәnubi soyuq) 1928 ildә alman okeanoqrafı A.Defanta tәrәfindәn verilmişdir. 1947 ildә S.V.Kalesnik öz planetar xәritәsindә beş zonadan (iki soyuq, iki mülayim vә bir isti) ibarәt zonallıq ayırır. 1953 ildә B.P.Alisov atmosfer-sirkulyasiya zonallığını 13 iqlim zonasınadәk çatdırır. Bu zonaları (hәr biri iki olmaqla qütb, subqütb, mülayim, subtropik, tropik, subekvatorial vә bir ekvatorial) analoji olaraq müәyyәn mövqe fәrqilә Dünya okeanında da ayırırlar. D.o.z.-nın Alisovun sxeminә yaxın sistematik tәsvirini D.V.Boqdanov vermişdir (1977).
Dünya okeanının şaquli zonallığı bir sıra amillәrin tәsiri nәticәsindә formalaşır. Belә ki, işıqlanma dәrәcәsinә görә evfotik (işıqlı) qatını (200 m dәrinliyәdәk; su bitkilәrinә rast gәlinir), disfotik (toran) qatını (1500 m-әdәk; burada işığın varlığı ancaq fotoaparatlarla qeydә alınır) vә daha aşağıda afotik (qaranlıq) qatını ayırırlar. Tәqr. 1500 m dәrinliyәdәk Dünya okeanının әksәr hissәsindә okean sularının vә atm.-in hava kütlәlәrinin hәrәkәti arasında uyğunluq müşahidә olunur; daha dәrinlikdә bu әlaqә itir.
Zonallıq Dünya okeanının dibindә dә müşahidә olunur. Rus alimi O.K.Leontyev okean dibindә 7 fiziki-coğrafi enlik zonasını ayırmış, xәritәlәrini tәrtib etmiş vә onların okean sәthindәki coğrafi zonallıqla oxşarlığını qeyd etmişdir.
Әd.: Л е о н т ь е в О.К. Основы физической географии Мирового океана. М., 1974; Б о г д а н о в Д.В. Региональная физическая география Мирового океана. М., 1985.