“DÜPÓN” (“DuPont”, rәsmi adı “E.I. du Pont de Nemours and Company”) – transmilli korporasiya, dünya üzrә әn iri kimya mәhsulları istehsalçısı. Mәnzil-qәrargahı Uilminqton ş.-ndә (ABŞ-ın Delaver ştatı) yerlәşir.
1802 ildә Fransa mәnşәli Elöter İrene Düpon (sonralar bәzi dәyişikliklәrә mәruz qalan bu soyad dünyada mәşhur brendә çevrilmişdir) tәrәfindәn әsası qoyulmuş “D.” dünyanın әn qәdim şirkәtlәrindәn biridir. E.İ.Düpon ABŞ-da keyfiyyәtinә görә әn yaxşı qara barıt istehsalına nail olmuş vә hәrbi dövlәt tәdarükü proqramları üzrә bu mәhsulun әsas tәdarükçülәrindәn birinә çevrilmişdir.
A.Nobelin dinamiti icad etmәsi 1880 ildә E.İ.Düponun nәvәsi Lammot Düponu yeni “Repauno Chemical Company” şirkәtini (1884 ildә onun ölümündәn sonra şirkәt tәdricәn “D.”un tam nәzarәtinә keçdi) yaratmağa sövq etdi. Elә әvvәldәn әsas diqqәt tikinti işlәri üçün partlayıcı maddәlәrin istehsalına yönәldilmişdi. 1920-ci illәrdә şirkәt әn iri dinamit istehsalçısına çevrilmişdi. 1902 ildә kimya sahәsindә genişmiqyaslı tәdqiqatlar aparan birinci laboratoriya yaradıldı. Onun mütәxәssislәri, o cümlәdәn güclü partlayıcı maddә – trinitrotoluolun istehsalı texnologiyasını işlәyib hazırladılar. Eyni zamanda, şirkәt menecmentini istehsalın diversifikasiyasına yönlәnmәsi nәticәsindә İkinci dünya müharibәsinin әvvәllәrindә hәrbi tәyinatlı mәhsulların istehsalı ümumi әmtәә istehsalı hәcminin yalnız 25%-ni tәşkil edirdi. Şirkәtin istehsal proqramında lak-boyaq materialları, müxtәlif tәyinatlı plastik kütlә, boyaq maddәlәri әsas yer tuturdu. “D.” kimya laboratoriyaları süni dәri, sellofan, freon, sintetik kauçuk, naylon, teflon, laykra kimi geniş yayılmış vә müxtәlif sahәlәrdә tәtbiq olunan materialların istehsalı üzrә öz texnologiyalarını işlәyib hazırlamışdı. Bir çox material adı “D.” şirkәtinin qeydiyyatdan keçirilmiş ticarәt markaları olsa da, onlar ümumi adlara çevrilmişdir.
“D.”un maliyyә uğurları sәrbәst vәsaitlәri iqtisadiyyatın digәr sahәlәrinә yönәltmәyә imkan verirdi. Belә ki, 1914 ildә “D.” “Ceneral Motors”un ilk sәhm paketini әldә etmiş, 1920 ildә isә artıq avtomobilqayırma şirkәtinin 1/3-nin sahibinә çevrilmişdi. 1961 ildә “D.” ABŞ mәhkәmә orqanlarının güclü tәzyiqi nәticәsindә “Ceneral Motors”dakı payını satmalı oldu. 1981 ildә “D.” Amerikanın әn iri neft-qaz istehsalçısı olan “Conoco Inc.”i almaqla, şirkәtin kimya istehsalı üçün etibarlı xammal bazasını tәmin etdi. 1999 ildә “Conoco Inc.”in sәhmlәri satıldı vә әldә olunan vәsait digәr kommersiya layihәlәrinә yönәldildi.
“D.” ABŞ hәrbi idarәlәri ilә daim sıx әmәkdaşlıq edir; şirkәt ABŞ hökümәtinin nüvә vә kosmik proqramları üzrә ETTKİ-ndә liderdir.
Dünyanın bütün әsas regionlarında “D.”-un istehsal güclәri var. Şirkәt biotexnologiyalar, elektronika, materialşünaslıq, tәhlükәsizlik texnikası, sintetik liflәr, polimer materiallar sahәsindә genişmiqyaslı elmi tәdqiqat işlәri aparır. Kimya mәhsullarının geniş nomenklaturası, o cümlәdәn müxtәlif polimerlәr vә plastik kütlәdәn ha- zırlanmış materiallar, boyaqlar, hipertoniya әleyhinә dәrman preparatları, qarğıdalı vә soya hibrid toxumları, herbisidlәr, dәnli bitkilәr vә soya zülalı istehsal edilir.
Şirkәtdә çalışanların ümumi sayı tәqr. 52 min nәfәr, onun dövriyyә vәsaiti 25,268 mlrd. dollar tәşkil edir (2015). “D.”-un sәhmlәri Nyu-York fond birjasında qiymәtlәndirilir. 1935 ildәn başlayaraq “D.”-un sәhmlәri ABŞ-ın әsas birja indeksinin – Dou-Cons sәnaye indeksinin daimi komponentidir.