ƏBDÜLHAFİZ, Mövla Əbdülhafiz (1875, Fәs – 4.4.1937, Angen-le-Ben, Fransa) – Mәrakeş (Fәs) sultanı [1908–12]. Qardaşı IV Əbdülәzizin sultanlığı dövründә Mәrakeş ş.-nin qubernatoru olmuş, sultana qarşı üsyan edәn әrәb tayfaları ilә birlәşәrәk taxta çıxmışdır. 1908 il avqustun 23-dә IV Əbdülәziz hakimiyyәti Ə.-ә tәslim edәrәk ölkәdәn qaçmışdır. Hakimiyyәtә gәlәn Ə. sәlәflәrinin imzaladığı bütün qeyri-bәrabәr müqavilәlәri tanımışdır. 1909 ildә o, Fransanın tәzyiqi altında Alxesirass müqavilәsinin şәrtlәrini qәbul etmәli olmuş, 1910 ildә fransız bankları ilә borc haqqında yeni müqavilә imzalamışdır. 1912 ilin әvvәlindә Ə. tәrәfindәn әlavә vergilәrin toplanması tayfaların üsyanına sәbәb olmuşdur. Yaranmış vәziyyәtdәn istifadә edәn Fransa Fәs ş.-ni işğal etmişdir. 1912 ilin martında Ə. Fransanın Mәrakeş üzәrindә protektoratını tәsdiq edәn Fәs müqavilәsini imzalamış vә hәmin il taxtdan imtina edәrәk hakimiyyәti qardaşı Mulay Yusifә vermişdir.