ƏBDÜLQADİR ÜSYANI – 1832–47 illәrdә Əbdülqadirin rәhbәrliyi ilә Əlcәzairdә fransız işğalçılarına qarşı xalq üsyanı. Üsyanın gedişindә Oran әyalәtinin әrәb-bәrbәr tayfaları fransızları dәfәlәrlә mәğlubiyyәtә uğratmış vә onları sülh müqavilәlәri bağlamağa (1834, 24 fevral vә 1837, 30 may) mәcbur etmişdilәr. Fransa Əbdülqadirin hakimiyyәtini tanımışdı. Üsyançılar Qәrbi Əlcәzairin çox hissәsindә әmirlik yaratmışdılar. Əmirliyin müxtәlif tayfalarının könüllülәri ilә yanaşı, nizami ordusu da var idi; silah vә hәrbi sursat istehsalı nizama salınmış, bir neçә müdafiә xәtti yaradılmışdı. 1838 il oktyabrın 18-dә Fransa hökumәti 1837 il sülh müqavilәsini pozdu. General Büjonun 100 minlik ordusu 1843 ildә iri feodalların satqınlığı nәticәsindә zәiflәyәn әmirliyin әrazisini işğal etdi. Əbdülqadir Mәrakeşdә gizlәndi. 1845–46 illәrdә mübarizәni davam etdirәn Əlcәzair xalqı yenidәn işğalçılara qarşı çıxdıqda, Mәrakeşdәn qayıdan Əbdülqadir üsyana başçılıq etdi. Lakin 1847 ildә qeyribәrabәr mübarizәdә üsyançı dәstәlәr darmadağın edildi vә Əbdülqadir әsir alındı.