ƏBDÜRRƏHMAN (1844, Kabil – 1.10. 1901, Kabil) – Əfqanıstan әmiri (1880 ildәn), mәrkәzlәşdirilmiş Əfqanıstan dövlәtinin yaradıcısı. İkinci İngiltәrә–Əfqanıstan müharibәsindә Britaniya işğalçı hakimiyyәti onu Kabil әmiri kimi tanımaq mәcburiyyәtindә qaldı. Ə. Herat vә Qәndәharı tabe etdi, gilzailәr puştu tayfalarının, hәmçinin hәzarәlәrin üsyanlarını yatırtdı. Rusiya vә Hindistandakı Britaniya müstәmlәkәlәri ilә sәrhәdlәri müәyyәnlәşdirdi vә bir sıra sәrhәdyanı әrazilәri Əfqanıstana ilhaq etdi. Ə. әfqanları vahid dövlәtdә birlәşdirdi, lakin 1893 ildә şәrqi puştunlara mәxsus әrazinin Britaniya Hindistanına keçmәsini tәsdiqlәyәn Dürand razılaşmasını imzalamağa mәcbur oldu. Ə. bir sıra inzibati, hәrbi, iqtisadi islahatlar apardı, feodal dağınıqlığına son qoydu, sәrt rejimli mütlәq hakimiyyәtini qurdu.