ƏBRƏQUNUS NEKROPOLU I – Azәrb. Resp.-nın Culfa r-nunda (Nax. MR), eyniadlı kәndin q.-indә, uzunsov tәpәnin üzәrindә orta әsrlәrә aid arxeoloji abidә. Sah. 3200 m2-dir. 1990–91 illәrdә kәşfiyyat xarakterli tәdqiqatlar aparılmışdır. Müxtәlif dövrlәrә aid qәbirlәrin başdaşıları saxlanmışdır. Daş qutu qәbirdәn aypara formalı tunc sırğalar tapılmışdır. Çoxu dördüzlü prizma formasında olan sinәdaşıları kobud hazırlanmışdır; bәzilәri hәndәsi vә memarlıq ornamentlәri ilә bәzәdilmişdir. Birinin üzәrindә sxematik quş tәsviri, ucları dәyirmilәşdirilmiş xәtlәr, oyma naxışla haşiyәlәnmiş insan vә ağac rәsmlәri hәkk olunmuşdur. Əl ilә düzәldilmiş, çәhrayı rәngdә bişirilmiş şirli vә şirsiz qab qırıqları aşkar edilmişdir. Nekropol 14–17 әsrlәrә aid edilir.