ƏBU BƏKR A b d u l l a h i b n Ə b u Q u h a f ә O s m a n , ә s-S i d d i q , ә l -Ə t i q (573, Mәkkә – 23.8.634, Mәdinә) – ilk xәlifә [632–634]. Mәkkә taciri idi. Qureyşilәrdәn olan Ə.B. islam dinini ilk qәbul edәnlәrdәn vә Mәhәmmәd peyğәmbәrin әn yaxın silahdaşlarından olmuşdur. Peyğәmbәrin dövründә bütün döyüş vә yürüşlәrdә iştirak etmiş, hicrәt günü vә müşriklәrin tәqibi zamanı onun yanında olmuşdur. Var-dövlәtinin böyük hissәsini islam yolunda xәrclәmişdir. Bir sıra böyük sәhabәlәr (Osman ibn Əffan, Əbu Übeydә, Tәlhә ibn Übeydullah, Zübeyr ibn Əvvam vә b.) onun vasitәsilә islama gәlmişlәr. Ə.B. hicrәtdәn sonra qızı Aişәni peyğәmbәrә әrә verәrәk, onunla әlaqәni daha da möhkәmlәtmişdir.
Peyğәmbәrin vәfatından bir qәdәr әvvәl verdiyi, lakin bәzi sәbәblәrә görә icra edilmәmiş Suriyaya yürüş fәrmanını reallaşdırmaq Ə.B.-in xәlifә kimi ilk tәdbiri oldu. Hәlә peyğәmbәrin sonuncu Hәcc sәfәri zamanı Yәmәndә yalançı peyğәmbәr Əsvәd әl-Ənsi ilә başlanmış riddә hadisәlәri Ə.B.-in dövründә daha kәskin şәkil aldı. Digәr tәrәfdәn, peyğәmbәrin ölüm xәbәrinin vә qәfil beyәt mәsәlәsinin әhali arasında yaratdığı çaşqınlıq Ə.B. hökumәtinә qarşı etirazlara, müxtәlif müxalif qüvvәlәrin meydana gәlmәsinә sәbәb oldu. Bir sıra qәbilәlәr zәkat vermәkdәn boyun qaçırdı. Ə.B.-in sәyi nәticәsindә peyğәmbәrlik iddiasında olanlar mәğlub edildilәr. Bәzi sәhabәlәrin (o cümlәdәn Ömәrin) etirazlarına baxmayaraq, zәkat vermәyәnlәr vә tabe olmayanlar mühakimә edildilәr. Bu әmәliyyatlar nәticәsindә çox qısa zaman әrzindә bütün Ərәbistan vahid mәrkәzdә birlәşdirildi, İran vә Suriya fәth olundu. Suriyadakı hәlledici Əcnadeyn vuruşmasından (634, 30 iyul) bir qәdәr sonra, avqust ayında Ə.B. qәflәtәn vәfat etdi. Ə.B. öz vәsiyyәtinә әsasәn Mәhәmmәd peyğәmbәrin yanında dәfn olunmuşdur.
Ə.B. mәnbәlәrdә sәbirli, tәdbirli, mülayim vә mәharәtli şәxs kimi sәciyyәlәndirilir. O, әrәblәr arasında bәlağәtli vә fәsih nitqi ilә tanınırdı. Ərәb qәbilәlәrinin tarixini mükәmmәl bildiyindәn әnsab (nәsil şәcәrәsi) elminin bilicilәrindәn hesab edilirdi. Mәhәmmәd peyğәmbәrә vә islam dininә sadiqliyinә görә fәxri “әs-siddiq” (“doğrucul”) adını almışdır. Nәqşbәndiyyә tәriqәtinin bәkri vә ya siddiqi qolu Ə.B.-ә gedib çıxır. O, tarixdә islamlaşmanın dövlәt siyasәti kimi әsasını qoymuşdur.
Əd.: ас-Салляби А.М. Абу Бакр ас-Сыддик первый праведный халиф. М., 2011.