ƏBU ƏMR İBN ƏLA Əbu Əmr Zәbban ibn әl-Əla ibn Əmmar әl-Mazini әl-Bәsri (tәqr. 689, Mәkkә – tәqr. 771, Kufә) –әrәb dilçi alimi. Mәkkәdә Mücahid ibn Cәbr, Sәid ibn Cübeyr, İkrimә ibn Xalid; Mәdinәdә Yezid ibn Ruman, Şeybә ibn Nisah; Kufәdә Asim ibn Bәhdәlә; Bәsrәdә Yәhya ibn Yamәr, Nәsr ibn Asim, Hәsәni Bәsri kimi tanınmış alimlәrdәn qiraәt vә nәhv elmini öyrәnmişdir. Ərәb dili vә әdәbiyyatındakı rolu, әsasәn, Cahiliyyә dövrünü tәdqiq etmәsi ilә bağlıdır. Xәlil ibn Əhmәd, Sibәveyhi onun tәlәbәlәri olmuşlar. “Kitabü Mәrsumil-Mushaf”, “Şәrhu Divanil-Hırnık”, “Kitabül-İdqamil-kәbir”, “Əl-Vәqf vә’l-ibtida”, “Tәqyidül-әmsilә”, “Kitabül-Əmsal”, “Kitabül-Qiraәt” әsәrlәrinin müәllifidir.