ƏBU HAŞİM Əbu Haşim Əbdüssәlam ibn Əbu Əli Mәhәmmәd әl-Cübbai (890/91, Bәsrә – 933, Bağdad) – mötәzilә mütәkәllimi. Atası Əbu Əli Cübbainin tәlәbәsi olmuş, onun ölümündәn (916) sonra Bәsrә mötәzilәsinin rәhbәri seçilmişdir. Ə.H. daha çox Allahın zatı (substansiyası) ilә sifәtlәri (atributları) arasındakı әlaqәni araşdırmaq mәqsәdilә irәli sürdüyü, mәzmunca konseptualizmә yaxın olan әhval nәzәriyyәsi ilә tanınmışdır. “Hal”ı ilk dәfә kәlam termini kimi işlәtmiş Ə.H.-ә görә, “hal” “vücud” (varlıq) ilә “әdәm” (yoxluq) arasında olan zehni mәfhumdur. Cövhәrdәn (substansiya) ayrılıqda mövcudluğu qeyri-mümkün olan “hallar” әrәzi (aksidensiyanı) cövhәrlә әlaqәlәndirәn vasitәlәrdir. Başqa sözlә, onlar ayrılıqda vücud vә ya әdәmlә, yaxud “qidәm” (әzәlilik) vә ya “hüdus”la (sonradan yaradılma) xarakterizә edilә bilmәyәn, yalnız başqa bir mövcudun zatıyla birlikdә isbat olunan sifәtlәrdir. Düşüncә sistemindә varlıqla yoxluq arasında üçüncü mәfhumun olduğunu qәbul edәrәk, fәrqli bir mәntiq anlayışını müәyyәnlәşdirәn Ə.H. Aristotel mәntiqindәn ayrılmışdır. Bu nәzәriyyә әtrafında birlәşәnlәr olsa da, әksәr mütәkәllimlәr (o cümlәdәn öz atası Əbül-Hәsәn Əşәri, hәmçinin Şeyx Müfid vә b.) onu rәdd etmiş, bәzilәri isә küfr saymışlar. Ə.H.-in davamçıları “Bәhşәmiyyә” (“Əbu Haşimә aid olan”), yaxud “Bәhaşimә” adı ilә tanınmışlar. Ə.H.-in 160 әsәr yazdığı qeyd olunsa da, onların heç biri günümüzәdәk gәlib çatmamışdır.