ƏBU HƏNİFƏ Əbu Hәnifә Nüman ibn Sabit ibn Zuta ibn Mah (699, Kufә – 767, Bağdad) – fәqih, mütәkәllim, hәnәfiyyә mәzhәbinin banisi. Fars (bәzi mәnbәlәrә görә türk) mәnşәlidir. Əslәn Xorasandandır (Bәlx, Termez, yaxud Ənbar). Görkәmli İraq ruhanisi Hәmmad ibn Əbu Süleymanın şagirdi olmuş (720–738), vәfatından sonra onun dәrnәyinә rәhbәrlik etmiş, ömrünün sonunadәk müәllim (fasilәlәrlә) olmuşdur. Mәdinәdә Mәhәmmәd әl-Baqir, İbn Şihab Zühri, Mәkkәdә Əmr ibn Dinar kimi alimlәrdәn dәrs almışdır. Cәfәr әs-Sadiq vә Musa әl-Kazim ilә elmi müzakirәlәr aparmışdır. Əmәvilәr hakimiyyәtinin sonu – Abbasilәr hakimiyyәtinin әvvәlindә baş verәn әlәvi qiyamlarına (739, Kufә; 763, Bәsrә) dәstәk vermişdir. Hakimiyyәt dairәlәrinin yüksәk vәzifә tәkliflәrini qәbul etmәdiyindәn tәqiblәrә mәruz qalmışdır. Abbasi xәlifәsi Mәnsurun әmrilә zindana salınmış vә orada vәfat etmişdir.
Ə.H.-nin yaratdığı mәktәb özündә fiqh vә әqidә sistemlәrini birlәşdirir. Əqidә mәsәlәlәrinә dair görüşlәri daha çox Bәlx, Rey, Nişapur vә Sәmәrqәnddә yayılmış, mürciilәr (bax Mürciә) tәrәfindәn dәstәklәnmiş vә nәticәdә hәnәfi kәlam mәktәbi formalaşmışdır. Əksәr mәnbәlәrdәn әqidә mәsәlәlәrinә xüsusi diqqәt ayırması vә onları әmәli hökmlәrdәn üstün tutması mәlumdur. Onun әqidә sistemi tәlәbәlәri Əbu Yusif, Əbu Müti vә Əbu Müqatil tәrәfindәn toplanmış “Əl-alim vәl-mütәәllim”, “Əl-Fiqh әl-әkbәr”, “әl-Vәsiyyә” vә s. kitablarda әksini tapmışdır. Ə.H.-nin әmәli hökmlәrә (fiqhә) dair görüşlәrinin ardıcılları zamanla kәlam mәktәbini sıxışdırmış “әhlüs-sünnә vәl-cәmaә”ni tәşkil edirdilәr. Ə.H. fiqhdә rasionalist prinsiplәrdәn (“qiyas” – analogiya vә “istihsan” – bәyәnmә, üstünlük vermә) istifadә metodikasını işlәyib hazırlamış, ilk dәfә hüquqi mәsәlәlәrin kazuistik tәdqiqi metodlarını tәtbiq etmiş, adәt normalarının (ürf) hüquq mәnbәlәrindәn biri kimi istifadәsini әsaslandırmışdı. Ə.H.-nin fiqhә dair görüşlәri tәlәbәsi Mәhәmmәd ibn Hәsәn Şeybani tәrәfindәn geniş şәkildә qәlәmә alınan 5 әsәrdәn ibarәt “Zahir ür-rivayә” toplusunda әksini tapmışdır.