ƏBU SƏİD Bahadur xan (2.7.1305, Ucan – 30.11.1335, Qarabağ) – Elxani hökmdarı [1316–35]. Mәhәmmәd Xudabәndә Olcaytunun oğludur. Hakimiyyәtinin ilk illәrindә dövlәt işlәrini baş әmir Çoban idarә edirdi. Ə.S.-in azyaşlı olmasından istifadә edәn Çağatay әmiri Yasavur 1317 ildә Xorasanı, 1318 ildә isә Mazandaranı әlә keçirdi. Elә hәmin il Misir sultanı da Ə.S.-ә qarşı çıxdı. Qızıl Orda xanı Özbәk isә 1319 ildә Dәrbәndi keçәrәk Şirvanın üzәrinә yeridi, lakin әmir Çobanın başçılığı ilә Elxani ordusu onu Dәşt-i Qıpçağa doğru geri çәkilmәyә vadar etdi. 1319 ildә Gürc. canişini әmir Qurmişinin (Qurumuşi) başçılığı ilә mәrkәzi hakimiyyәtә qarşı qiyam qalxdı. Gürc. әrazisindәn Azәrb.-a daxil olan üsyançılar Tәbrizәdәk irәlilәdilәr. Naxçıvan ş. onların istinadgahına çevrildi. Sultaniyyә yaxınlığındakı hәlledici vuruşmada üsyançıların darmadağın edilmәsindә göstәrdiyi şücaәtә görә Ə.S.-ә “Bahadur xan” adı verildi. Lakin ölkәdә daxili çәkişmәlәr davam etmәkdә idi. 1320 ildә Gürc.-da, 1322 ildә Rum vil.-ndә mәrkәzi hakimiyyәtә qarşı qiyam baş verdi. Hәr iki qiyamı Ə.S. әmir Çobanın kömәyilә yatırdı vә mәrkәzi hakimiyyәti nisbәtәn güclәndirdi. Dövlәtin xarici düşmәnlәrә qarşı mübarizәsi ciddi şәkil aldı. 1319–25 illәrdә Qızıl Ordaya yürüşlәrdә uğur әldә olundu, Misir sultanı ilә münasibәtlәr nizamlandı (1323), Anadoluda Elxanilәrin hakimiyyәti möhkәmlәndi. Lakin Ə.S.-in әmir Çobanın qızı Bağdad xatunla evlәnmәsindәn sonra tәrәflәr arasında münasibәtlәr pislәşdi. 1327 ildә Ə.S. әmir Çobanı öldürtdürüb nisbәtәn müstәqil siyasәt yürütmәyә başladı vә ölkәnin iqtisadi vәziyyәtini yaxşılaşdırmaq mәqsәdilә bir sıra fәrman (y a r l ı q) verdi. Bu fәrmanlardan biri Ani ş.-ndәki әmir Manuçe mәscidinin divarına hәkk edilmişdir. 1335 ildә növbәti dәfә Azәrb.-a hücum etmiş Qızıl Orda xanı Özbәkin qarşısını almaq mәqsәdilә Qarabağa gәlәn Ə.S. narazı әmirlәr tәrәfindәn zәhәrlәnib öldürüldü. Cәnazәsi Sultaniyyәyә gәtirilәrәk özü üçün tikdirdiyi türbәdә dәfn olundu. Bağdad xatun tәrәfindәn öldürülmәsi da ehtimal edilәn Ə.S.-in özündәn sonra varisi olmadığından Elxanilәr dövlәtinin süqutu sürәtlәndi.