ÉGGEBREXT (Eggebrecht) Hans Henrix (5.1.1919, Drezden – 30.8.1999, Frayburq) – alman musiqişünası vә musiqi xadimi. Musiqi nәzәriyyәsini vә tarixini R.Münnix, H.İ.Mozer vә M.Şnayderdәn öyrәnmişdir. 1951 ildәn Freyburq ş.-ndәki un-tdә musiqişünaslıqdan dәrs demişdir (1961 ildәn prof.). 1954 ildәn eyni zamanda Erlangen Un-tinin privat-dosenti, 1956–57 illәrdә Heydelberq Un-tinin musiqişünaslıq kafedrasının rәhbәri olmuşdur.
1963 ildәn “Archiv für Musikwissenschaft”, “Beihefte zum Archiv für Musikwissenschaft” jurnallarının redaktoru, 1966 ildәn “Valker” (Walcker-Stiftunq für orgelwissenschaftliche Forschung) firmasının orqanı öyrәnmәk üzrә tәsis etdiyi Qәyyumluq şurasının sәdri, bu tәşkilatın çap etdirdiyi nәşrlәrin redaktoru, 1969 ildәn “Freiburger Schriften zur Musikwissenschaft”ın redaktoru olmuşdur. Musiqi terminologiyası, onun tarixi vә sistematikası sahәsindә çalışmışdır. Musiqi ilә sözün qarşılıqlı әlaqәsi probleminә xüsusi diqqәt yetirmişdir. Orta әsrlәr vә barokko musiqisi tarixi vә nәzәriyyәsi, orqan tarixinә dair, hәmçinin musiqi-sosioloji vә musiqi estetikasına dair әsәrlәrin müәllifidir. 1972 ildәn Mayns Elmlәr vә Әdәbiyyat Akademiyası tәrәfindәn buraxılan “Musiqi terminologiyası soraq kitabı”nın (“Handwörterbuch der musikalischen Terminologie”, Wiesbaden) tәrtibindә iştirak etmiş, onun redaktoru olmuşdur. H.Rimanın “Musiqi lüğәti”nin (“Riemann Musiklexikon”) 12-ci nәşrinin 3-cü cildinin redaktoru, lüğәtdәki bir neçә mәqalәnin müәllifidir. M.Vulpiusun musiqi әsәrlәri (1950), İ.Paxelbelin vokal әsәrlәri (1954 ildәn) nәşrlәrinin redaktoru olmuşdur. Mayns Elmlәr vә Әdәbiyyat Akademiyasının hәqiqi üzvü idi (1965).