ƏBÜLXEYR (1693–1748) – qazax sәrkәrdәsi vә siyasi xadimi. 1710 ildә Kiçik juzun xanı seçilmişdir. 1720-ci illәrdә cunqarların müdaxilәsinә qarşı mübarizәdә ümumqazax xalq qoşununa başçılıq etmişdir. Xarici tәhlükә qarşısında qalan Ə. 1731 ildә Kiçik juz yüzbaşıları, biy (bәy) vә sultanları, hәmçinin Orta juzun bәzi sultanları ilә birlikdә hәrbi yardım vә müdafiә olunmaq vәdlәri qarşılığında Rusiya tәbәәliyinә keçmişdi. Bu hadisә qazax torpaqlarının Rusiyaya birlәşdirilmәsinin әsasını qoymuşdur. 1741–42 illәrdә Rusiyanın kömәyilә cunqarların Kiçik vә Orta juza yeni hücumunun qarşısını almışdır. Ə. eyni zamanda özündәn asılı tayfa vә xalqların Rusiya ilә müstәqil münasibәtlәr qurmasına qısqanclıqla yanaşmış, 1743 ildә imperatriçә Yelizaveta Petrovnaya onları öz tәbәәliyi altına alması üçün müraciәt edәn qaraqalpaqlara qarşı yürüşә başlamış vә onların çoxunu yeni әrazilәrә köçmәyә mәcbur etmişdi. 1740-cı illәrin sonunda cunqarlarla sülh bağlamışdır. Ə.-in başçılığı ilә qazaxların Kiçik juz torpaqlarından Rusiya әrazisinә yürüşlәri olmuşdur.