ƏBÜZZİYA Vәlid (7.1882, İstanbul – 12.1.1945, İstanbul) – türk jurnalisti, mәtbәәçi vә naşir. Əbüzziya Mehmet Tevfikin oğludur. İstanbul Un-tinin hüquq mәktәbini bitirmiş, Parisdә Sorbonna Un-tindә hüquq vә siyasi elmlәr üzrә tәhsil almışdır (1910– 12). “Le Figaro” vә “Le Temps” qәzetlәrindә müxbir işlәmişdir. Türkiyәyә qayıtdıqdan sonra “Tәsvîr-i Efkâr” qәzetindә işә başlamışdır (1912). Qәzetin dәfәlәrlә bağlanmasına baxmayaraq, onun nәşrini müxtәlif adlarla davam etdirmişdir. Birinci dünya müharibәsi dövründә İstanbulun müttәfiq dövlәtlәr tәrәfindәn işğalı zamanı (16 mart 1920) digәr türk ziyalıları ilә birgә Maltaya sürgün edilmişdir (23 mart 1920). Sürgündәn qayıtdıqdan sonra “Tevhîd-i Efkâr” qәzetini buraxmış (26 iyun 1920), qәzet milli mübarizә hәrәkatının mәtbu orqanına çevrilmişdir. “İstiqlal” medalı ilә tәltif olunan (1922) Ə. Lozanna konfransının iştirakçısı olmuşdur (22 noyabr 1922). “Tәsvîr-i Efkâr” qәzetindә Sәlim Sabit lәqәbilә siyasi mәqalәlәr yazmışdır. Bir sıra kitabın, “Fәnn vә sәnәt xalq ensiklopediyasının” müәllifidir. Ə. Türkiyәdә müasir jurnalistikanın, fotomüxbirliyin әsasını qoymuş, xәbәrlәrin rәsm vә karikaturalarla tәrtibatını hәyata keçirmişdir. Bir çox tanınmış jurnalistin yetişdiyi “Tәsvîr-i Efkâr” vә “Tevhîd-i Efkâr” qәzetlәri Türkiyә mәtbuat tarixindә әhәmiyyәtli yer tutur.