ƏCZAÇILIQ KİMYASI – kimya-biologiya elmlәrinin ümumi qanunauyğunluqları vә istisna tәşkil edәn tәzahürlәri, hәmçinin dәrmanların istifadә tarixi әsasında dәrman vasitәlәrinin yaradılması standartlaşdırılması vә keyfiyyәtinin qiymәtlәndirilmәsi metodologiyasını işlәyib hazırlayan tәtbiqi elm. Ə.k. dәrman maddәlәrinin alınma üsulları, onların fiziki vә kimyәvi xassәlәri arasındakı qarşılıqlı әlaqәni, dәrman maddәlәri molekullarının quruluşunun orqanizmә tәsirini, dәrmanların saxlanma şәraitini müәyyәn edir.
Ə.k.-nın әsas mәsәlәlәri: sintetik vә ya tәbii mәnşәli birlәşmәlәrin quruluşunun mәqsәdli şәkildә dәyişdirilmәsi әsasında bioloji fәal maddәlәrin tәdqiqi vә alınması; maddәlәrin quruluşu ilә xassәlәri arasındakı әlaqәlәrin vә qanunauyğunluqların müәyyәn edilmәsi; dәrman vasitәlәrinin effektivliyini vә tәhlükәsizliyini tәmin edәn standartlaşdırma vә keyfiyyәt normativlәrinin müәyyәnlәşdirilmәsi prinsiplәrinin formulә edilmәsi vә inkişafı; dәrman vasitәlәrinin işlәnib hazırlanması, istehsalı, paylanması vә istehlakı mәrhәlәlәrindә onların keyfiyyәtinә nәzarәtin yeni metodlarının yaradılması, mövcud olanların isә tәkmillәşdirilmәsi, unifikasiyası vә validasiyası; farmakokinetik tәdqiqatlar vә ekoloji-әczaçılıq monitorinqi üçün bioloji obyektlәrdә dәrman maddәlәrinin analizi üsullarının işlәnib hazırlanması vә tәtbiqi.
Ə.k.-nın obyektlәrinә hәr hansı mәnşәli dәrman maddәlәri vә onların dәrman formaları, hәmçinin tәrkibindә dәrman maddәlәri olan bioloji fәal әlavәlәr aiddir.
Əczaçılığın tәdrisindә provizorların vә әczaçıların hazırlanması zamanı Ə.k. әsas fәndir. Ə.k. ümumi, üzvi, fiziki, bioloji kimyaya vә kolloid kimyasına, botanikaya, farmakologiyaya, fiziologiyaya әsaslanır. Dәrman maddәlәrini tәbii mәnbәlәrdәn ayırıb tәmizlәmәklә, üzvi sintez vә ya yarımsintetik üsullarla, biotexnoloji metodlarla alınır. Dәrman maddәlәrini xarakterizә etmәk üçün dәrman formalarının istehsalının baçlıca elementlәrini vә hazırlanmasının әsas proseslәrini bilmәk tәlәb olunur. Dәrman maddәlәrinin müxtәlif kimyәvi quruluşlarının keyfiyyәtcә qiymәtlәndirilmәsinin mürәkkәbliyi әn yeni analitik üsulların (әsasәn, fiziki-kimyәvi vә kimyәvi) istifadәsini vә keyfiyyәtin qiymәtlәndirilmәsinә olan yanaşmaların tәkmillәşdirilmәsini tәlәb edir. Hazırda gen mühәndisliyi üsulu ilә alınan obyektlәrә (insulin, interferon vә s.) xüsusi diqqәt yetirilir.
Dәrman vasitәlәrinin dövriyyәsi sistemindә Ə.k. dәrmanların işlәnib hazırlanması, tәdqiqi, istehsalı, qeydiyyatı, standartlaşdırılması vә keyfiyyәtә nәzarәt mәrhәlәlәrindә aparıcı mövqe tutur. Ə.k. nomenklaturanın hәcmini sistemlәşdirmәyә imkan verir, hәmçinin toksikoloji kimyanın bazasını tәşkil edir.