ƏDALƏT – әxlaqi-hüquqi, hәmçinin sosial-siyasi şüur kateqoriyası. Ə. anlayışı cәmiyyәtdә ayrı-ayrı fәrdlәrin (sosial qrupların) praktiki rolu ilә onların sosial mövqeyi, hüquq vә tәәhhüdlәri, әmәl vә әcri, әmәk vә mükafatlandırılması, cinayәt vә cәzası, insanın xidmәtlәri vә bunların cәmiyyәt tәrәfindәn qәbul edilmәsi arasında uyğunluq tәlәbini ifadә edir. Bu nisbәtin pozulması әdalәtsizlik kimi qiymәtlәndirilir. Ə. şәxsiyyәt, cәmiyyәt vә dövlәtin, hәmçinin hüquqi münasibәtlәrdә iştirak edәnlәrin maraqları arasındakı tarazlığı müәyyәnlәşdirir, bәrabәrlik vә azadlıq ideyalarını әks etdirir.
İctimai şüur tarixindә Ə.-in ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qәbul olunmuş qaydalara danışıqsız riayәt edilmәsinin qәbulu ilә bağlı idi. Sosial tәcrübәdә bu anlam mәnfi mәna daşıyırdı. Belә ki, ümumi normanın pozulmasına görә cәza tәlәbi irәli sürülürdü, bunun praktiki ifadәsi isә qәbilә intiqamı institutu idi. Ə.-in insanların ayrı-ayrı nemәtlәrә yiyәlәnmәsini dә ehtiva edәn daha mürәkkәb vә müsbәt mәnası fәrdin qәbilәdәn ayrılması dövründә meydana gәlmişdi. İlkin olaraq o, әsas etibarilә, hәyat vasitәlәrindәn istifadәdә vә hüquqlarda bütün insanların bәrabәrliyi mәnasını daşıyırdı. Xüsusi mülkiyyәtin vә ictimai bәrabәrsizliyin meydana gәlmәsi ilә Ə.-i bәrabәrlikdәn fәrqlәndirmәyә başlamış, bu anlayışa insanlar arasında onların dәyәrliliyinә uyğun gәlәn mövqe fәrqlәrini dә daxil etmişdilәr.
Aristotel Ə. anlayışını – geniş vә dar mәnalarda işlәtmişdir. Ümumi, geniş mәnada Ə. ictimai hәyatın mәntiqiliyidir; onu insanlar arasında sosial baxımdan bütün nizamlanmış münasibәtlәrin әxlaqi meyarı, ictimai işlәrdә son әxlaqi-istinadedici instansiya kimi müәyyәnlәşdirmәk mümkündür. O, sosial sahәyә proyeksiya olunmuş mәnәviyyata uyğun gәlir. Xüsusi, dar mәnada Ə. insanların birgә yaşayışının mәnfәәt vә mәşәqqәtlәrinin bölüşdürülmәsindә әxlaqi cәhәtdәn sanksiyalaşdırılmış uyğunluq, cәmiyyәtdә vә dövlәtdә münaqişәdә olan maraqların vә fәaliyyәtlәrinin qarşılıqlı tarazlaşdirmasının kooperasiyası üsulunun özünün tәkmillik dәrәcәsidir.
Ə. nәzәriyyәsindә bir-birinә qarşılıqlı ehtiyacları olan vә bu mәnada öz aralarında bәrabәr olan fәrdlәr birgәyaşayış aspektindә nәzәrdәn keçirilirlәr. Fәrdlәr birlikdә cәmiyyәti tәşkil etdiklәrinә, icmalar halında yaşadıqlarına görә dә müәyyәn ümumiliyә malikdirlәr. Mәhz bu fundamental cәhәt Ə.-in başlanğıcıdır.
Aristotelin formulә etdiyi “digәrinә münasibәtdә Ə.-lilik bәrabәrliyin özüdür (to ision)” müddәası Ə.-in әxlaqi-hüquqi әsasıdır. Etik cәhәtdәn Ə. xoşbәxt olmaq imkanında vә bunun üçün zәruri (hәr kәs üçün özünә lazım olan) nemәtlәrin әldә olunmasında bәrabәrlik rolunu oynayır. Ona görә, hәr hansı bitkin Ə. konsepsiyası bütün fәrdlәr üçün eyni dәrәcәdә әlçatan olan tәmәl dәyәrlәrә әsaslanır, hәr bir sosial Ə. tәcrübәsi isә bütün vәtәndaşlar üçün bәrabәr dәrәcәdә әlçatan olan vә tarixәn konkret xarakter daşıyan maddi vә mәnәvi nemәtlәr mәcmusunu nәzәrdә tutur. Hüquqi aspektdә Ə. formal bәrabәrlik, tәlәblәrin, qanunların, qaydaların, normaların miqyasının eyniliyidir. Öz aralarında hüquq subyektlәri qismindә bәrabәrlәşdirilәn şәxslәrә çevrilmiş fәrdlәr vә onların hәrәkәtlәri bu meyarlarla “ölçülür”. Ə. әxlaqda vә hüquqda bәrabәrlik demәk olsa da, әhәmiyyәtli dәrәcәdә fәrqlәnir. Əxlaqi (etik) Ə. sonsuzluqların bәrabәrliyidir, insanların hәr biri öz iddialarında vә sәylәrindә yeganә, әvәzedilmәz, tükәnmәz olduqlarına görә bәrabәrdirlәr. Hüquqi Ə. vahidlәrin bәrabәrliyidir, o, riyazi bәrabәrlik qanunlarına tamamilә uyğun gәlir. Müәyyәn mәnada yalnız onu bәrabәrlik hesab etmәk mümkündür, çünki insanlar burada mәhz hüquq subyektlәri kimi bәrabәrdirlәr.
İnsanlar sosial mәkanın “hәmtәsisçilәri” qismindә bәrabәrdirlәr. Lakin tәsis aktının özü tәsis edilәn sosial mәkan strukturunu (әmәk bölgüsü, idarәetmә orqanlarının ayrılması vә s.) yaradan mövqelәrin vә mәşğuliyyәtlәrin qeyri-bәrabәrliyinin legitimlәşdirilmәsindәn ibarәtdir. Problem bәrabәrliyin vә qeyri-bәrabәrliyin uyğunlaşdırılması vә birlәşdirilmәsindәn ibarәtdir. Onun çәtin hәll olunması Ə. uğrunda mübarizә şüarı altında baş verәn bütün ictimai iğtişaşların әsas mәnbәyidir.
Ə.-in hәlә Aristotel tәrәfindәn fәrqlәndirilmiş vә sonrakı bütün Ə. nәzәriyyәlәrinin әsasına çevrilәn iki növü (forması) var: bölüşdürücü, yaxud distributiv vә bәrabәrlәşdirici, yaxud retributiv.
Bölüşdürücü Ə. şәxslәrin dәyәrliliyi nәzәrә alınmaqla, onların ümumi işә töhfәlәrindәn, cәmiyyәt miqyasında “xüsusi çәkilәri”ndәn asılı olaraq nemәtlәrin vә buna müvafiq vәzifәlәrin bölüşdürülmәsidir. Burada şәxslәrin keyfiyyәti nәzәrә alınır. Bölüşdürücü Ə.-in normaları cәmiyyәt tәrәfindәn, әsasәn, onun obyektiv qanunları ilә müәyyәnlәşsә dә, özündә subyektivlik, xalqların, nәsillәrin, şәxsiyyәtlәrin mental xüsusiyyәtlәrinin vә iradi qәtiyyәtinin aşkar izlәrini daşıyır. Bölüşdürücü Ə.-in tarixәn formalaşmış üç әsas prinsipi var: hәr kәsә – eyni şeyi (hamlıya bәrabәr miqdarda), hәr kәsә – xidmәtlәrinә görә, hәr kәsә – tәlәbatına görә. Hazırda “hәr kәsә xidmәtlәrinә görә” prinsipi müasir cәmiyyәtlәrdә әsas olaraq qәbul edilir. Digәr prinsiplәr dә mühümdür, lakin onların tәtbiq sahәlәri nisbәtәn dardır; mәs., baza dәyәrlәri olan nemәtlәrin (insan hüquqlarının) bölüşdürülmәsi “ümumi bәrabәrlik” prinsipi ilә hәyata keçirilir, uşaqların sayından asılı olaraq sosial yardımın, yaxud vergi imtiyazlarının ayrılması isә “hәr kәsә tәlәbatına görә” prinsipinә uyğun gәlir.
Bәrabәrlәşdirici Ə.-dә şәxslәrin dәyәrliliyi diqqәtә alınmır. Burada söhbәt ictimai münasibәtlәrin Aristotel tәrәfindәn ixtiyari vә qeyri-ixtiyari mübadilә kimi adlandırılmış iki tipindәn – әşyaların mübadilәsindәn vә cәzalardan gedir. Əşyaların mübadilәsi onların hәqiqi dәyәrlәrinә uyğun hәyata keçirildiyi halda Ə.-li hesab edilir. Bәrabәrlәşdirici Ə.-in mәkanı, әsasәn, bazardır: burada alıcının kimliyi deyil, onun nә qәdәr hesab ödәdiyi mühümdür. Cәzalarda Ə.-li qiymәtlәndirmә cinayәt nәticәsindә vurulmuş zәrәrә adekvat olan ölçünü tapmaqla, cәzanın qaçılmazlığı – cinayәtin kim tәrәfindәn hәyata keçirilmәsindәn asılı olmayaraq cәzanın verilmәsidir. Bölüşdürücü Ə., әsasәn, mәişәt sәviyyәsindә (subyektiv ifadә olunmuş aspektdә), bәrabәrlәşdirici Ə. isә işgüzar (obyektlәşdirilmiş) aspektdә ictimai münasibәtlәrin әxlaqi-tәnzimlәyici әsaslarını yaradır. Konkret cәmiyyәtlәr, adәtәn, Ə.-in bu vә ya digәr formasına (mәs., feodal vә sosialist cәmiyyәtlәri bölüşdürücü, burjua cәmiyyәtlәri isә bәrabәrlәşdirici Ə.-ә) üstünlük versәlәr dә, onların hәr birindә hәr iki forma tәmsil olunur.