EHTİYAT VALYUTA – dövlәtlәrin mәrkәzi banklarının beynәlxalq hesablaşmalar üçün ehtiyat vәsaitlәrini yığdıqları vә saxladıqları digәr ölkәnin valyutası. Valyutası ehtiyat rolunda çıxış edәn ölkә xarici iqtisadi ekspansiyanın hәyata keçirilmәsi üçün daha üstün şәrtlәrә malik olur, xarici istiqrazların alınması, әmtәә idxalı vә kapital ixracı zamanı müәyyәn mәnfәәt әldә edir. E.v. hökumәtlәrin, fiziki vә hüquqi şәxslәrin beynәlxalq tәdiyә vәsaitlәrinin zәruri komponentini tәşkil edir. İlkin olaraq E.v. qismindә beynәlxalq hesablarda başlıca rol oynayan ingilis funt-sterlinqi çıxış edirdi. Bretton-vuds valyuta sistemi çәrçivәsindә E.v. statusu ABŞ dolları üzәrindә tәsbit edildi. Bundan sonra dollar hәlledici rol oynamağa başladı vә valyuta ehtiyatlarının yarıdan çoxu onun payına düşdü. Lakin milli valyutanın E.v. rolunu yerinә yetirmәsi üçün müvafiq ölkәdәn, әsasәn, devalvasiya, idxalın mәhdudlaşdırılması vә uçot dәrәcәsinin qaldırılmasının kömәyilә tәdiyә balansı defisitinin azaldılması vә aradan qaldırılması, hәmçinin xarici öhdәliklәrin vә milli ehtiyatların balanslaşdırılması siyasәtinin aparılması yolu ilә zәruri iqtisadi mövqelәrin tәmin olunması tәlәb edilir. Daxili iqtisadiyyat üçün nәzәrdә tutulan milli pulun beynәlxalq tәdiyә-hesab vә ehtiyat vәsaitlәri qismindә tәtbiqi iqtisadi asılılığa gәtirib çıxaran ziddiyyәtlәr yaradır vә valyuta böhranına sәbәb olur.
Beynәlxalq ticarәtin iştirakçıları olan aparıcı dövlәtlәrin E.v.-da olan milli kredit pulları xarici iqtisadi әmәliyyatlar, xarici investisiyalar üzrә beynәlxalq hesablaşmaların aparılması; beynәlxalq müqavilәlәrdә, sazişlәrdә, razılaşmalarda vә s. әmtәәlәrin, xidmәtlәrin qiymәtinin müәyyәn edilmәsi; banklar tәrәfindәn hesablaşmaların hәyata keçirilmәsi mәqsәdilә ehtiyat qismindә yığılması vә saxlanması üçün; valyuta mәzәnnәsinin vә paritetinin müәyyәn edilmәsi zamanı әsas qismindә; dünya valyuta sisteminin iştirakçıları olan ölkәlәrin valyuta mәzәnnәlәrinin tәnzimlәnmәsi mәqsәdilә valyuta müdaxilәsi hәyata keçirilәrkәn istifadә olunur.
E.v. statusunu almaq üçün ilkin şәrtlәr bunlardır: müvafiq milli valyutanın kon- versiya olunması; mәzәnnәsinin kifayәt qәdәr sabit qalması; bu valyutanın beynәlxalq mübadilәdә vә emitent ölkәdә istifadәsinin әlverişli hüquqi rejim; ölkәnin dünya istehsalında, әmtәә vә kapital ixracında, qızıl valyuta ehtiyatlarında hakim mövqeyi; bank-kredit idarәlәrinin, xaricdә dә olmaqla, inkişaf etmiş sistemi; mütәşәkkil vә tutumlu ssuda kapitalı bazarı; valyuta әmәliyyatlarının liberallaşdırılması.
Aktiv xarici siyasәt, o cümlәdәn valyuta vә kredit siyasәti milli valyutanın E.v. qismindә irәli sürülmәsinin subyektiv amillәridir.