EXİNOKÓKK (Echinococcus granulosus) – lentvarı qurd; yetkin halında it, canavar, çaqqal, bәzәn dә pişiyin bağırsağında parazitlik edir. Uz. 3–5 mm olan bәdәni başcıqdan (4 sormacı vә 2 qarmaqcığı ilә birlikdә) vә 3–4 buğumdan ibarәtdir. Sonuncu (yeganә yetkin) buğum bәdәninin yarısını tәşkil edir. E. yumurtaları sahibin bağırsağından ekskrementlә birlikdә xaric olarkәn onun tüklәri üzәrinә düşә bilir. E.-un aralıq sahibi olan inәk, qoyun, donuz vә s. heyvanlar, hәmçinin insan E. yumurtalarını udmaqla yoluxur. Aralıq sahibin bağırsağında yumurtadan çıxan sürfә (onkosfera) qapı venası sisteminә daxil olur vә qan axını ilә qara ciyәrә, bәzәn ağ ciyәrlәrә, әzәlәlәrә, sümük vә başqa orqanlara keçәrәk burada qovuq mәrhәlәsinә kimi inkişaf edir. Hәr onkosfera qovuq әmәlә gәtirir, onun divarlarında isә yetkin qurdun başcıqlarına oxşar çoxlu başcıqların formalaşdığı ikincili vә üçüncülü qovuqlar әmәlә gәlir. Lәng böyüyәn E. qovuqlarının ölçülәri çox arta bilir. Axırıncı sahib, bәdәnindә bu qurdun qovuq mәrhәlәsi olan xәstә vә ölü heyvanı yedikdә E.-la yoluxur.