EXİNOKOKKÓZ – insan vә heyvan orqanizmindә parazitlik edәn lentvarı exinokokk qurdu sürfәlәrinin törәtdiyi xәstәlik; helmintozlar qrupuna aiddir. Törәdicilәri itin mәdә-bağırsağından xarici mühitә ifraz olunur vә insanın әlinә (iti tumarlayarkәn), qida mәhsullarına, suya düşür. İ n s a n ı n (әn çox itlә oynayan uşaqların) hәzm yoluna düşәn exinokokk yumurtalarından sürfәlәr çıxır vә qan damarlarına daxil olur. Әsasәn, qara ciyәr, bәzәn dә ağ ciyәrlәrә, digәr orqan vә toxumalara keçir.
E.-un 2 forması ayırd edilir. Çox vaxt h i d a t i d (kistoz) forma (törәdici – Echinococcus qranulosus) tәsadüf edilir. Hidatid exinokokk birkameralıdır, tәdriclә, illәrlә inkişaf edir; qovuqdakı maye bәzәn 10 l vә daha böyük hәcmә çatır (bax Lentvarı qurdlar).
Nadir hallarda alveolyar, yaxud çoxkameralı E. – a l v e o k o k k o z tәsadüf edilir, törәdicisi Echinococcus (Alveococcus) multilokularisdir. Alveokokkoz zamanı, әsasәn, qara ciyәr zәdәlәnir. Kiçik qovuqcuqlar konqlomeratından – parazitar düyündәn ibarәt alveolyar exinokokk (alveokokk) tez infiltrasiyalaşaraq böyüyür. Qovuğun möhtәviyyatı orqanizmә düşәrәk onun allergizasiyasına vә intoksikasiyasına (vaxtaşırı mәxmәrәyin әmәlә gәlmәsi, eozinofiliya şәklindә qanın dәyişmәsi) sәbәb olur.
E.-un tәzahür etmәsi exinokokkun lokallaşmasından asılıdır. Qara ciyәr alveokokkozu parazitin artaraq qonşu orqanlara yayılması ilә xarakterizә edilir. E.-un diaqnozu epidemioloji anamnez nәzәrә alınmaqla kliniki vә rentgenoloji müayinә vasitәsilә qoyulur. M ü a l i c ә s i, әsasәn, cәrrahi üsulladır.
H e y v a n l a r d a exinokokk qovuqları çox vaxt qoyun, qaramal, dәvә, at, donuz, vәhşi dırnaqlı heyvanların qara ciyәr vә ağ ciyәrlәrindә, yetkin exinokokklar isә yırtıcı mәmәlilәrin (it, canavar vә tülkü) nazik bağırsağında parazitlik edir. Aralıq sahiblәr parazitin yumurtalarını yem vә su ilә birlikdә udmaqla exinokokkun sürfәlәrinә yoluxur; onların mәdәsindә yumurta qişasından çıxan rüşeym bağırsağın divarına girir vә qan dövranı vasitәsilә qara ciyәr, ağ ciyәrlәrә vә s. orqanlara çatıb orada lokallaşır, 6–15 aydan sonra yoluxdurucu qabiliyyәt qazanır.
E.-un heyvan orqanizmindә xәstәliktörәtmә dәrәcәsi qovuqcuqların lokalizasiyası, miqdarı vә ölçüsündәn, sahibin allergizasiyasından vә onun orqan vә toxumalarının mexaniki zәdәlәnmәsindәn asılıdır.
M ü a l i c ә s i: E.-un müalicәsi işlәnil mәmişdir. Yetkin exinokokklar vә digәr lentşәkilli qurdlarla yoluxmuş itlәrin dehelmintizasiyası zamanı hidrogen-bromidli arekolin, fenasal, filiksen vә kamalu, hәmçinin sagimid tәtbiq edilir.