EXİURİDLӘR (Echiurida) – onurğasız heyvanlar tipi; dәniz qurdlarının kiçik (150-yәdәk növ), lakin çox sәciyyәvi qrupunu (әvvәllәr hәlqәvi qurdların bir sinfi hesab edilәn) birlәşdirir. Bәdәni silindrik, uz. 3– 185 sm-әdәkdir; qruntun içәrisindә yaşayır. Yem hissәciklәrini ağıza ötürәn kiprikciklәrlә örtülmüş uzun (1m-әdәk) xortumcuğu var. Ağzının arxasında 2 qarın qılı (cod tük) olur; bәdәninin arxa qurtaracağı qılcıqdan ibarәt 1–2 halqa ilә әhatәlәnmişdir. Geniş ikincili bәdәn boşluğunda anusla qurtaran borulu bağırsaq, cüt ifrazat orqanı (metanefridiyalar) vә anus kisәlәri yerlәşir. Qan-damar sistemi zәif inkişaf etmişdir. Sinir sistemi qırtlaqyanı sinir halqasından vә qarın kötüyündәn ibarәtdir. Ayrıcinsiyyәtlidir. Yumurtalardan troxofora (sürfә) çıxır. Bonellia vә Hamingia cinslәrindәn olan E. kәskin cinsi dimorfizmә malikdir: quruluşca çox sadәlәşmiş cırtdan erkәk fәrdlәr dişilәrin ifrazat orqanlarının axacaqlarında (buradan yumurtalar xaric olur) parazitlik edir. yumurta axacaqla keçdiyi zaman mayalanma baş verir. Bax Bonelliya.