EXOENSEFALOQRÁFİYA (exo + ensefaloqrafiya), u l t r a s ә s l ә e n s e f a l o q r a f i y a – ultrasәsin kömәyilә baş beynin müayinә üsulu: ultrasәsin müxtәlif sıxlıqlı mühit (beynin struktur törәmәlәri) sәrhәdlәrindәn әksolunması xassәsinә әsaslanır. Başlıca diaqnostik meyar (1955– 56 illәrdә İsveç hәkimi L.Leksell tәrәfindәn tәklif olunmuşdur) beynin orta strukturundan (epifiz, 3-cü mәdәcik, şәffaf arakәsmә, yarımkürәlәrarası yarıq) ultrasәsin әks olunması ilә özünü göstәrәn orta (son lat. medialis) әks-sәdanın, yaxud M-әks-sәdanın kәnara çıxmasıdır. Normada ultrasәslә ensefaloqramda pik şәklindә qeyd olunan M-әks-sәda başın orta xәtti ilә üst-üstә düşür. Kәllәdaxili şiş, qanaxma, abses vә digәr patoloji törәmәlәr olduqda M-әks-sәda sağlam yarımkürә tәrәfә yerini dәyişir. Digәr diaqnostik meyarlar da tәklif olunmuşdur: hidrosefaliya zamanı 3-cü mәdәciyin yan divarından olan әks-sәda siqnalları arasındakı mәsafәnin artması; yuxu arteriyasının kәskin keçmәzliyi zamanı baş vermiş M-әks-sәda yerdәyişmәsinin nisbәtәn tez normallaşması vә s. E. zamanı әks etdirilmiş ultrasәs siqnallarını elektrik impulslarına çevirәn xüsusi ultrasәs ensefaloqrafdan istifadә olunur. Bu impulslar aparatın ekranında qrafik olaraq göstәrilir vә fotokamera ilә şәkli çәkilir. E.-nın tәtbiqi hәcmi kәllәdaxili patoloji proseslәrin (şişlәr vә s.), yad cisimlәrin vә s. aşkarlanması vә lokallaşdırılmasında effektivdir.