ƏDƏBİ ƏLAQƏ VƏ TƏSİR – bir әdәbi hadisәnin başqa әdәbi hadisә ilә ideyayaradıcılıq әlaqәlәri. Ayrı-ayrı yazıçılar, yaxud әdәbi cәrәyanlar, mәktәblәr vә bütöv әdәbi dövrlәr sәviyyәsindә yaranır. Ədәbiyyatla digәr sәnәt növlәri (teatr, rәssamlıq, musiqi vә s.) arasında da әlaqә vә qarşılıqlı tәsir mövcuddur. Bir sәnәtkarın yaradıcılığında olduğu kimi, ümumi әdәbi prosesdә dә hәr şey bir-biri ilә qarşılıqlı әlaqәdә olur. Ədәbi әlaqә iki aspektdә öyrәnilir: yazıçı, yaxud әdәbi mühitin tәsir altında olması vә onun özünün tәsir göstәrmәsi. Bir milli әdәbiyyat daxilindә әdәbi әlaqә bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlәrinә, yaxud sonrakı әdәbi nәsillәrә tәsiri, millәtlәrarası әdәbi әlaqә isә bir xalqın bәdii kәşflәri vә nailiyyәtlәrinin başqa bir xalqa tәsiridir. Antik yunan әdәbiyyatı, orta әsrlәr Azәrb., fars-tacik şeiri, İtaliya İntibah dövrü әdәbiyyatı, Fransa Maarifçilik әdәbiyyatı, rus realist әdәbiyyatı beynәlmilәl әhәmiyyәtә malikdir. Sәnәtin inkişafında müәyyәn nisbi müstәqilliyә baxmayaraq, bәdii şüurun inkişafında ümumi, tәkrarolunan cәhәtlәri mәhz sosial-tarixi vә ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şәrtlәndirir. Ədәbi әlaqәnin fәrdi әlaqә, iqtibas, yaradıcılıq yarışı, epiqonçuluq vә s. tiplәri dә var. Ədәbi әlaqәlәr hәm bәdii yaradıcılıq, hәm dә elmi-nәzәri cәhәtdәn araşdırılır.