EK Mats (d.18.4.1945, Malmö) – İsveç rәqqası, xoreoqraf, teatr rejissoru. Aktyor Anders Ek vә balerina, xoreoqraf Birgit Kulberqin oğludur. Stokholmda teatr sәnәtinә yiyәlәnmiş, marionet teatrı ilә maraqlanmış, kuklalarla G.Büxnerin “Voysek” dramını sәhnәyә qoymuş, Stokholmda Kral dram teatrında İ.Berqmanla birgә çalışmışdır. Rәqqas kimi ilk çıxışı 1971 ildә olmuşdur. Onun rәqs üslubunun formalaşmasında vә balet sәnәtini mәnimsәmәsindә Marta Qremin estetik görüşlәri vә texnikası böyük rol oynamışdır. M.Bejardan, L.Kiliandan öyrәnmişdir. 1973 ildә anasının balet truppasına daxil olmuş, 1985 – 93 illәrdә ona rәhbәrlik etmişdir. Balet quruluşlarından başqa teatr vә opera rej.-u kimi dә fәaliyyәt göstәrmişdir. Klassik balet irsinin E. tәrәfindәn reinterpretasiyası (“Jizel”, 1982; “Qu gölü”, 1987; “Yatmış gözәl”, 1999) ona dünyada böyük şöhrәt gәtirmişdir. Sitat vә parodiyalara meyil, absurd teatrına yaxınlıq xoreoqraf E.-in yaradıcılıq manerasını fәrqlәndirir.
“Жизел” балетиндян сящня. Реж. М. Ек. Лион Милли Операсы (Франса).
Bir çox opera vә dram әsәrlәrini, o cümlәdәn Motsartın “Don Juan” (1999), J.Rasinin “Andromaxa” (2001), A.Strindberqin “Yuxuların oyunu”, A.Çexovun “Albalı bağı” (2010) vә s.-i tamaşaya qoymuşdur. 2016 ilin yanvarında sәhnә ilә vidalaşmışdır. “Benois de la Dance” Beynәlxalq festivalının mükafatına (2006) layiq görülmüşdür.