ƏDƏBİ VƏ İNCƏSƏNƏT ƏSƏRLƏRİNİN MÜHAFİZƏSİ HAQQINDA BERN KONVENSİYASI – müәlliflik hüquqları sahәsindә beynәlxalq saziş. 9.9.1886 ildә Berndә (İsveçrә) qәbul edilmiş, 5.12.1887 ildә qüvvәyә minmişdir. İştirakçı dövlәtlәrin vәtәndaşlarının öz әrazilәrindә ilk dәfә çap edilmiş әsәrlәrinә müәlliflik hüquqlarını tәminetmә üzrә vәzifәlәrini müәyyәnlәşdirir. Qәbul edildiyi dövrdәn dәfәlәrlә yenidәn baxıldığına (sonuncu dәfә 1971 ildә) vә әlavәlәr edildiyinә (1896, 1914, 1979) görә hәr bir iştirakçı dövlәt konvensiyanın hansı redaksiyasına qoşulubsa, hәmin redaksiyaya uyğun fәaliyyәt göstәrir. Konvensiya qoşulmaq üçün açıqdır. Hazırda 149 dövlәt onun iştirakçısıdır (2005).
Konvensiya üç aparıcı prinsipә әsaslanır: milli rejim, avtomatik qorunma vә qorunmanın müstәqilliyi. Ədәbiyyat, elm vә incәsәnәt sahәsindә yaradılmış bütün әsәrlәr ifadә üslubundan vә formasından asılı olmayaraq qorunan әsәrlәrә daxildir. Konvensiya qorunan hüquqların (әmlak hüquqları da daxil olmaqla) minimum hәcmini müәyyәnlәşdirir vә bu zaman әsәrlәrdәn azad istifadә hallarını, hәmçinin mәcburi lisenziya imkanlarını yaradır. İnkişaf etmәkdә olan ölkәlәrin humanitar mәqsәdlәrlә istifadә edә bilmәsi üçün xüsusi kvotalar nәzәrdә tutulmuşdur. Konvensiya müәllif hüquqlarının qorunmasının xüsusi qaydaları vә mümkün mәhdudiyyәtlәrini müstәqil müәyyәnlәşdirir (birbaşa tәsir normaları), yaxud ayrı-ayrı әsәr növlәrinә vә ya istifadә hallarına (mәs., kinematoqrafik, fotoqrafik, xoreoqrafik әsәrlәr, rәsmlәr, modellәr, dekorativ-tәtbiqi sәnәt әsәrlәri, siyasi nitqlәr, rәsmi mәtnlәr vә sәnәdlәr, tәrcümәyә, mexaniki yolla yenidәn canlandırmaya verilәn hüquqlar vә s.) münasibәtdә iştirakçı dövlәtlәrin milli qanunvericiliklәri sәviyyәsindә imkan verir.
Konvensiya müәlliflәrin hüquqları pozulduğu halda qoruma, o cümlәdәn preventiv qoruma tәdbirlәrini müәyyәnlәşdirәn normaları ehtiva edir. 1994 ildә әnәnәvi mülki hüquqlardan tutmuş, cinayәt vә gömrük hüquqlarına qәdәr müәlliflik hüquqlarının şaxәlәnmiş sistemini müәyyәnlәşdirәn ÜTT çәrçivәsindә Əqli mülkiyyәt hüquqlarının ticari aspektlәri üzrә saziş yarandıqdan sonra Konvensiyanın bu müddәaları aktuallığını itirmişdir. Konvensiyanın müddәalarının yerinә yetirilmәsinә Ümumdünya Əqli Mülkiyyәt Tәşkilatı (ÜƏMT) nәzarәt edir.
Azәrb. Resp.-nda Əqli mülkiyyәt hüquqlarının müxtәlif sahәlәr üzrә qorunması bir sıra qanunvericilik aktları ilә tәnzimlәnir (bax Əqli mülkiyyәt).