EKOLÓGİYA HÜQUQU – geniş mәnada, tәbiәt obyektlәrinә vә resurslarına mülkiyyәt hüququ, tәbii resursların istifadәsi, әtraf mühitin kimyәvi, fiziki vә bioloji tәsirlәrdәn mühafizәsi, fiziki vә hüquqi şәxslәrin ekoloji hüquqlarının vә qanuni maraqlarının müdafiәsi üzrә ictimai münasibәtlәri tәnzimlәyәn hüquqi normalar sistemi. Dar mәnada, E.h. әtraf mühitlә әlaqәdar yaranan hüquqi normalar vә hüquqi münasibәtlәr mәcmusudur.
Hüquqi tәnzimlәmә obyekti әtraf mühit olan E.h, hüquq sahәsi kimi, әsasәn, 20 әsrin 90-cı illәrindә formalaşmışdır. Әvvәllәr tәbii resursların istifadәsi vә әtraf mühitin zәrәrli tәsirlәrdәn mühafizәsi üzrә münasibәtlәr tәbii resurslar hüququ – torpaq, dağ-mәdәn, su, meşә, hava mühafizәsi, fauna hüququ çәrçivәsindә tәnzimlәnirdi.
“Әtraf mühitin mühafizәsi haqqında” Azәrb. Resp.-nın qanununa (8.6.1999) әsasәn E.h.-nun әsas prinsiplәri bunlardır: sosial-iqtisadi, mәnәvi-estetik problemlәrin qarşılıqlı hәlli; әrazilәrdә ekoloji tarazlığın tәmin edilmәsi vә pozulmuş tәbii ekoloji sistemlәrin bәrpası; tәbii ehtiyatların sәmәrәli istifadә olunması vә bәrpası; tәbiәtdәn istifadәnin vә әtraf mühitin mühafizәsinin iqtisadi stimullaşdırılmasının tәtbiq edilmәsi; әtraf mühitin bioloji müxtәlifliyinin qorunmasının tәmin edilmәsi; dövlәt nәzarәti, әtraf mühitin mühafizәsi haqqında qanunvericiliyin pozulmasına görә mәsuliyyәt; әtraf mühitә zәrәr vurulmasının qarışısının alınması vә vurulan zәrәrin qiymәtlәndirilmәsi; әtraf mühitin mühafizәsi sahәsindә әhalinin vә ictimai birliklәrin iştirakı; әtraf mühitin mühafizәsi sahәsindә beynәlxalq әmәkdaşlıq.
E.h. kompleks hüquq elmi sahәsidir. Onun sisteminә torpaq, dağ-mәdәn, su, meşә, hava mühafizәsi vә fauna hüququ ilә bağlı sahәlәr daxildir. Ekoloji münasibәtlәr yalnız ekoloji qanunvericiliklә deyil, mülki, inzibati, cinayәt, sahibkarlıq vә s. hüquq sahәlәri ilә dә tәnzimlәnir.
Ekoloji normalaşdırma, әtraf mühitә tәsirin qiymәtlәndirilmәsi, ekoloji ekspertiza, ekoloji lisenziyalaşdırma, ekoloji planlaşdırma, ekoloji sertifikasiyalaşdırma, ekoloji audit, ekoloji nәzarәt, ekoloji hüquq pozuntularına görә hüquqi mәsuliyyәt E.h.-nun әsas institutlarıdır; onların
inkişaf sәviyyәsi müxtәlifdir, bәzilәri isә formalaşma mәrhәlәsindәdir.
“Әtraf mühitin mühafizәsi haqqında”, “Ekoloji tәhlükәsizlik haqqında” (8.6. 1999), “Heyvanlar alәmi haqqında” (4.6. 1999), “Xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәri haqqında” (24.3. 2000) Azәrb. Resp.-nın qanunları, Su mәcәllәsi (26.12.1997), Meşә mәcәllәsi (30.12.1997), Torpaq mәcәllәsi (25.6.1999) Azәrb. Resp.-nda ekoloji qanunvericiliyin әsas aktlarıdır.
-