ƏDƏBİYYAT ENSİKLOPEDİYALARI vә lüğәtlәr – mәlumat nәşrlәri. Ə.e. bәdii әdәbiyyat vә әdәbiyyatşünaslıq, әdәbi cәrәyan vә nәzәriyyә, yazıçı vә personajlar haqqında, hәmçinin folklor, dilçilik, kitabşünaslıq, estetika, publisistika, jurnalistika vә s. haqqında sistemlәşdirilmiş mәlumat verir.
Avropada әdәbiyyat ensiklopediyasının әn qәdim nümunәsi yunan şair vә qrammatiki Kallimaxın “Elmin bütün sahәlәrindә mәşhur olan adamlar vә onların әsәrlәri haqqında cәdvәllәr” kataloqu hesab olunur. İsgәndәriyyә kitabxanasının kataloqu kimi yaradılan “Cәdvәllәr” tәdricәn qәdim yunan әdәbiyyatının әsas sorğu mәnbәyinә çevrilmiş vә sonrakı sorğu kitabları üçün nümunә olmuşdur. İntibah dövründә ensiklopedik lüğәtlәr tez-tez çap olunurdu. Onlardan Konrad Gesnerin (1515–65) “Universal kitabxana”sı (1545) xüsusi әhәmiyyәtә malik idi. Kataloqa tәqr. 5 min müәllif haqqında mәlumat daxil edilmişdi. İ.A.Fabrisius İntibah dövrünәqәdәrki qәdәrki әdәbiyyatlarda olan biliklәrә özünün silsilә sorğu kitablarında [2 cildlik “Latın kitabxanası, yaxud Qәdim latın müәlliflәrinin siyahısı” (Hamburq, 1697), 3 cildlik “Yunan kitabxanası” (Hamburq, 1705–1711) vә 6 cildlik “Orta әsrlәr vә sonrakı illәr latın kitabxanası” (Hamburq, 1734–36)] yekun vurdu. Biliklәrin yeni, ensiklopedik icmalı vә tәsnifatı ingilis filosofu F.Bekon tәrәfindәn “Yeni Orqanon” әsәrindә irәli sürülmüşdür. D.Didro vә D’Alamberin redaktәsi ilә çıxan “Ensiklopediya, yaxud Elm, incәsәnәt vә peşәlәrә dair izahlı lüğәt” (Paris, 1751–72) Bekon sisteminә uyğun tәrtib edilmişdir. 19 әsrdә Avropada qәdim dövr әdәbiyyatına dair sorğu kitabları yaradıldı: naşir V.Roşerin 6 cildlik “Yunan vә Roma mifologiyasının geniş leksikonu” (Leypsiq, 1884– 1937), V.Folmerin 3 cildlik “Bütün xalqların mifologiyasının tam lüğәti” (Ştutqart, 1836), Olden amerikan nәşriyyatının 20 cildlik “Dünya әdәbiyyatı ensiklopediyası” (Nyu-York, 1885–91) vә s. 20 әsrdә folklorşünaslığın genişlәnmәsi ilә әlaqәdar olaraq, bu sahәyә aid maraqlı lüğәtlәr yarandı: “Əsas folklor, mifologiya vә әfsanәlәr lüğәti” (Nyu-York, 1949–50, c. 1–2). Yazıçı vә şairlәrә hәsr olunmuş biblioqrafik ensiklopediyalar geniş yayıldı: Koş Alman әdәbiyyatı lüğәti. Bioqrafik vә biblioqrafik sorğu kitabı, c. 1–4, Bern, 1949–58; Ensiklopedik italyan әdәbiyyatı lüğәti, c. 1–6, Roma – Bari, 1966–70 vә s.
20 әsrin 2-ci yarısında fәrdi Ə.e. vә lüğәtlәrә maraq artdı: “Göte haqqında soraq kitabı” (c.1–4, Ştutqart, 1955–61), A.Şmidtin “Şekspir leksikonu” (c.1–2, Berlin–Nyu-York, 1971), “Dante ensiklopediyası” (c. 1–5, Roma, 1970–76) vә s. Bir çox ölkәdә әdәbiyyatşünaslıq terminlәri lüğәtlәri çıxmışdır: L.Georgiyevin (Sofiya, 1963, 1969), Q.fon Vilpetin, Q.Sounun (Nyu-York, 1972) vә s. Rusiyada 19 әsr –20 әsrin әvvәllәrindә N.F.Ostolopovun “Qәdim vә yeni poeziya lüğәti” (c.1–3, SPb, 1821); S.A.Vengerovun natamam “Rus yazıçı vә alimlәrinin tәnqidi-bioqrafik lüğәti…” (SPb, 1886–1904, c. 1–5, 6-cı әlavә cild çıxmışdır) vә s. nәşr edilmişdir. SSRİ-dә 2 cildlik “Ədәbiyyat ensiklopediyası. Ədәbi terminlәr lüğәti” (1925), 12 cildlik “Ədәbiyyat ensiklopediyası” (c. 1–9, 11 c. 1929–39; 10 vә 12-ci cildlәr çıxmamışdır), “Qısa әdәbiyyat ensiklopediyası” (c. 1–9, 1962–78), bircildlik “Ensiklopedik әdәbiyyat lüğәti” (1987) nәşr olunmuşdur. Ayrı-ayrı yazıçı vә şairlәrә hәsr edilmiş ensiklopediyalar da vardır (“Şevçenko lüğәti”, c.1–12, Kiyev, 1976– 77; “Lermontov ensiklopediyası”, M., 1981; “Dünya xalqlarının miflәri”, c.1–2, M., 1980–82) vә s. Çin, Hindistan, Türkiyә, Vyetnam, Yaponiya vә s. ölkәlәrdә yazıçı vә şairlәrә hәsr olunmuş lüğәt-sorğu kitabları nәşr edilmişdir.
Yaxın vә Orta Şәrqdә, elәcә dә Azәrb.da geniş yayılmış tәzkirәlәr Ə.e. vә l.-i sayıla bilәr: Dövlәtşah Sәmәrqәndinin “Tәzkirәt üş-şüәra” (1481–87), Ə.Nәvainin “Mәcalis ün-nәfais” (1491), Əhdi Bağdadinin “Gülşәni üş-şüәra” (1563), Sam Mirzәnin “Töhfeyi-Sami”, Sadıq bәy Əfşarın “Mәcmә ül-xәvas” (1599), Lütfәli bәy Azәrin “Atәşgәdә” (1762), M.M.Nәvvabın “Tәzkireyi-Nәvvab” (nәşri 1913), M.Tәrbiyәtin “Danişmәndani-Azәrbaycan” (1935) tәzkirәlәri. Ə.M.Mirәhmәdovun “Ədәbiyyatşünaslıq. Ensiklopedik lüğәt”i tәkmillәşdirilmiş variantlarda 1957, 1965, 1988 vә 1998 illәrdә nәşr olunmuşdur. “KitabiDәdә Qorqud Ensiklopediyası” (2 cilddә. B., 2000) son dövr Azәrb. әdәbiyyatşünaslığının bu qәbildәn olan әn fundamental әsәridir. T.Ə.Əhmәdovun redaktәsi ilә “XX әsr Azәrbaycan yazıçıları” (B., 2004) kitabı irihәcmli biobiblioqrafik lüğәti, Z.Ş.Əsgәrlinin “Poetika: izahlı sözlük” (B., 2014) kitabı çapdan çıxmışdır.