ƏDƏBİYYAT, İNCƏSƏNƏT, MEMARLIQ, ELM VƏ TEXNİKA SAHƏSİNDƏ DÖVLƏT MÜKAFATLARI, Azәrb. Resp.-nın – Azәrb. SSR Nazirlәr Sovetinin 1970 il sentyabrın 10-da tәsdiq etdiyi Azәrb. SSR-in Dövlәt mükafatları haqqında Əsasnamәdә iki ildәn bir verilәn elm vә texnika sahәsindә 4, әdәbiyyat, incәsәnәt vә memarlıq sahәsindә 3 (o cümlәdәn uşaqlar üçün әdәbiyyat vә incәsәnәt әsәrlәrinә görә 1) Dövlәt mükafatı nәzәrdә tutulmuşdu. 1975 ildәn görkәmli әmәk nailiyyәtlәrinә görә istehsalat qabaqcılları üçün dә Dövlәt mükafatları tәsis edilmişdi. Bundan әvvәl 1965 ildә әn yaxşı әdәbiyyat vә incәsәnәt әsәrlәri üçün Axundov mükafatı, 1966 ildә isә әn yaxşı musiqi әsәrlәri üçün Hacıbәyov mükafatı verilirdi. Hәr iki mükafat 1970 ildә Azәrb. SSR Dövlәt mükafatının tәsis edilmәsi ilә әlaqәdar lәğv edilmişdir. Dövlәt müstәqilliyinin bәrpasından (1991) sonra Azәrb. Resp.-nın Dövlәt mükafatları verilir.