ƏDƏBİYYAT TARİXİ – әdәbiyyatşünaslıq fәnni. O, әdәbiyyatı tarixi inkişafına görә sistemә salır, onun keçdiyi mәrhәlәlәri müәyyәnlәşdirir, mövcud әdәbi irsә tәsir etmiş sosial-siyasi, әdәbi vә mәdәni amillәri göstәrir, yazıçıların hәyatını, mühitini, qarşılıqlı әlaqәlәrini öyrәnir. Ə.t. әdәbiyyatın bütün mürәkkәbliyini, özünәmәxsusluğunu vә ziddiyyәtlәrini üzә çıxarır, onun sәbәblәrini açır, hәr bir yazıçının yaradıcılığındakı dialektikanın izahını verir. Ədәbi tәnqidin keçdiyi yolu sistemә salmaq da Ə.t.-nin vәzifәsidir. Azәrb.-da milli Ə.t.-nin öyrәnilmәsinin ilkin qaynaqları tәzkirәlәr olmuş, әdәbiyyatşünaslığın bu istiqamәtinin elmi әsaslarla bünövrәsini isә F.Köçәrli (“Mirzә Fәtәli Axundzadә,” 1911; “Azәrbaycan әdәbiyyatı tarixi materialları”, 1908; ilk nәşri 1925–26, 2 cilddә, 4 hissә) qoymuşdur. 1928 ildә türk әdәbiyyatşünası İ.Hikmәtin 2 cildlik “Azәrbaycan әdәbiyyatı tarixi” nәşr olunmuşdur. Sonrakı dövrdә 2 cildlik “Müxtәsәr Azәrbaycan әdәbiyyatı tarixi” (1943–44); Cәfәr Xәndanın “XX әsr Azәrbaycan әdәbiyyatı tarixi” (1955); 3 cildlik “Azәrbaycan әdәbiyyatı tarixi” (1956–61); H.Araslının “XVII–XVIII әsr Azәrbaycan әdәbiyyatı tarixi” (1956); F.Qasımzadәnin “XIX әsr Azәrbaycan әdәbiyyatı tarixi” (1956); 2 cildlik “Azәrbaycan sovet әdәbiyyatı tarixi” (1967); “Azәrbaycan sovet әdәbiyyatı tarixi oçerki” (SSRİ EA M.Qorki ad. Dünya Ədәbiyyatı İn-tu ilә birgә, 1963; rus dilindә), 7 cildlik “Azәrbaycan әdәbiyyatı tarixi” (2004–11 illәrdә 4 cildi çapdan çıxmışdır), 2 cildlik “Müstәqillik dövrü Azәrbaycan әdәbiyyatı” (2016) vә s. fundamental әsәrlәr Azәrb. әdәbiyyatının keçdiyi tarixi inkişaf yolunu işıqlandırmışdır (bax Ədәbiyyatşünaslıq).