EKOLOJİ SIĞINACAQ, e k o l o j i m ә s k ә n – tәbiәtdәki başqa orqanizmlәrlә vә abiotik amillәrlә mürәkkәb qarşılıqlı ekoloji münasibәtlәr sistemindә növün (populyasiyanın) tutduğu yer. “E.s.” termini mәkanda növlәrin yerlәşmәsini sәciyyәlәndirmәk üçün amerikalı alim C.Qrinnel (1917) tәrәfindәn tәklif edilmişdir. Sonralar ingilis ekoloqu Ç.Elton (1927) trofik әlaqәlәrin xüsusi әhәmiyyәtini qeyd edәrәk E.s.-ı növün qruplaşmadakı mövqeyi kimi müәyyәnlәşdirmişdir. Hәlә 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә bir çox tәdqiqatçı ekoloji cәhәtdәn yaxın vә qruplaşmada oxşar vәziyyәtdә olan 2 növün bir әrazidә davamlı surәtdә yaşaya bilmәdiyini müşahidә etmişdilәr. Bu empirik ümumilәşdirmә iki növün bir qida uğrunda (italiyalı riyaziyyatçı V.Volterra) rәqabәtinin riyazi modelindә vә Q.F.Hauzenin eksperimental işlәrindә öz tәsdiqini tapdı. E.s.-ın müasir konsepsiyası C.Hatçinsonun tәklif etdiyi (1957, 1965) model әsasında formalaşmışdır. Bu modelә әsasәn E.s.-ı ayrı-ayrı ölçülәri növün normal yaşaması üçün zәruri olan amillәrә uyğun gәlәn xәyali böyük ölçülü (hiperhәcmli) mәkanın bir hissәsi kimi tәsәvvür etmәk olar. Müxtәlif növlәrin divergensiya yolu ilә ayrılması, әsasәn, müxtәlif yaşayış yerinә, müxtәlif qidaya vә bir yaşayış yerindәn müxtәlif vaxtlarda istifadә etmәyә uyğunlaşma hesabına baş verir. Eyni bir biosenozda yaşayan ekoloji cәhәtdәn yaxın növlәrin başqa- başqa müxtәlif E.s.-lar tutması bәdәn ölçülәrindә, qida obyektlәrindә, davranışlarında, tutduğu әrazilәrdә, sutka vә fәsil aktivliyindә olan fәrqlәrin olması ilә şәrtlәnir.