EKOLOJİ TARAZLIQ, t ә b i ә t d ә – canlı orqanizmlәrin növ tәrkibinin nisbi davamlılığı; hәr cür tәbii qruplaşmada onların sayı, mәhsuldarlığı, yayılması, mövsümi dәyişikliklәri, maddәlәrin bioloji dövranı vә s. E.t.-ı tamamlayır. Bu zaman avtotrofların (produsent) vә heterotrofların (konsument vә redusent) münasibәti, hәmçinin orqanizmlәrin bir-birinә vә yaşayış mühitinә spesifik adaptasiyası hәlledici әhәmiyyәt kәsb edir. Tәkamül prosesi nәticәsindә yaranmış bu amillәrin mәcmusu ekosistemlәrin davamlılığını, yaxud homeostazı tәmin edir. Ekosistemlәrin stabilliyi çox vaxt onların növmüxtәlifliyinin çoxluğu ilә tәmin olunur; yәni növlәr nә qәdәr çox olursa, E.t. bir o qәdәr möhkәm olur. Müәyyәn ekosistem üçün adi olan mühit şәraiti dәyişdikdә, E.t. pozulur vә nәticәdә bir növ azalır, digәr növ isә kәskin artır. Bununla belә, orqanizmlәrin tәbii qruplaşmaları müxtәlif ziyanlı tәsirlәrә qarşı müqavimәt göstәrmәk vә, normal şәrait bәrpa olunduqda, ilkin vәziyyәtә qayıtmaq qabiliyyәtinә, yәni müәyyәn davamlılığa malikdir. Әlverişsiz şәraitdә bu vә ya digәr növün sıxlığı azalır, lakin optimal şәraitdә mәhsuldarlığın, böyümә vә inkişaf sürәtinin artması ilә növün sıxlığı bәrpa olunur. E.t. müәyyәn ekosistemin tәşәkkülü vә inkişafı proseslәri ilә sıx әlaqәlidir. E.t.-ın mürәkkәb vә qarşılıqlı әlaqәli mexanizmlәrini bilmәdәn tәbiәtdәn sәmәrәli istifadә etmәk, hәr hansı tәsәrrüfat fәaliyyәtini proqnozlaşdırmaq vә tәbii mühiti hәyat üçün yararlı vәziyyәtdә saxlamaq mümkün deyil.