EKRÁN (fr. écran – sipәr, örtü) – müxtәlif növ enerji şüalarını udan, çevirәn vә ya qaytaran sәthә malik qurğu. E. şüalardan istifadә, yaxud
onlardan mühafizә üçündür. 1) O c a q E.-ı – istilik şüalarını udmaqla suyu qızdıran vә qazan hörgüsünü posalardan vә istilik şüalarının tәsirilә dağılmaqdan mühafizә edәn, hәmçinin ocaqdan çıxan qazların temp-runu azaldan radiasiyalı qazan sәthi. Qazanxanalarda ümumi su dövranı sisteminә qoşulur. Hamarborulu vә membran E.-lar olur. H a m a r b o r u l u E. bir-birilә uzunluq boyu qaynaqlanmayan ayrı-ayrı borulardan, m e m b r a n E. isә bir-birilә qaynaqlanan borulardan vә ya bir-birinә aralarındakı zolaqla qaynaqlanan hamar borulardan ibarәtdir. Yüksәk mәhsuldarlıqlı ocaqlarda divar E.-larından başqa, ocağı iki vә daha çox hissәyә ayıran E.-lar da quraşdırılır. 2) E l e k t r o n - ş ü a b o r u s u balonunun daxili qübbәsini örtәn katod-xrom material, yaxud lüminofor tәbәqәsi. Elektrik gәrginliklәrinin elektron topası enerjisinin işıq şüaları enerjisinә çevrilmәsi nәticәsindә E.-da müxtәlif görünәn tәsvirlәr (televiziya tәsvirlәri vә s.) yaranır. Kineskoplarda tәsvirlәrin parlaqlığını vә kontrastlığını artırmaq üçün lüminofor tәbәqәsi üzәrinә әlavә olaraq nazik (0,5– 1 mkm) alüminium tәbәqәsi dә çәkilir. Bu tәbәqә ionlar üçün, demәk olar ki, keçilmәz olduğundan, ion tutucusuna ehtiyac qalmır. Kineskoplar, ossilloqraflar, indikatorlu vә s. elektron-şüa borularında işlәnәn lüminofor әsaslı E.-lar (lüminessent E.-lar) daha geniş yayılmışdır. Bu E.-ların üstün cәhәtlәri yüksәk enerjiliyi (0,2 Vt/Vt-adәk) vә işıq (100 lm/Vt-adәk) effektivliyi, ani (108 kd/m2) vә orta (104 kd/m2) işıqlanma parlaqlığıdır. Katod-xrom material әsaslı (elektron bombardmanı nәticәsindә rәngini vә ya işıqlanma intensivliyini dәyişәn) E.-lar skiatronlarda vә s.-dә tәtbiq edilir. 3) R e n t g e n qurğusunun E.-ı rentgen şüalarını görünәn şüalara çevirir (flüoressensiya E.-ı) vә rentgen şüalarının zәrәrli tәsirinin qarşısını alır (qurğuşun E.). 4) İ ş ı q l ı E. sәthindә optik tәsvir yaradan işıq şüalarını әks etdirir (mәs., kinoekran). 5) B ә n d E.-ı qrunt vә ya daş-torpaq bәndin yuxarı yamacı boyu yerlәşәn süzülmә әleyhinә qurğudur. Qumça, gilcә kimi çökmә süxurlardan vә gildәn (plastik E.) olur, yaxud beton, dәmir-beton vә ağacdan (sәrt E.) hazırlanır.