EKRANLANMA – elektrotexniki, radiotexniki qurğuların, verilәnlәrin ötürülmәsi vә emalı aparatlarının işinә mane olan xarici elektromaqnit sahәlәrinin, maneәlәrin vә s. tәsirinin azaldılması üsulu. E. yerlә birlәşdirilmiş yüksәk elektrik vә maqnit keçiricilikli metal vә ya metallaşdırılmış ekranla zәrәrli sahәlәr (әngәllәr) mәnbәyinin, yaxud mühafizә olunan qurğunun, ya da onun ayrı-ayrı elementlәrinin әhatәlәnmәsi ilә yerinә yetirilir. Yaranan elektromaqnit sahәsinin tipindәn asılı olaraq E. 3 növә ayrılır: elektrik sahәsinin E.-sı; maqnit sahәsinin E.-sı vә elektromaqnit sahәsinin E.-sı. Elektrik sahәsinin yerlә birlәşdirilmiş metal ilә E.-sı yerlә birlәşdirilmiş kontur boyu axan elektrik yüklәrini neytrallaşdırmağa imkan verir. Maqnit sahәlәrinin E.-sı zamanı aşağıtezlikli (10 kHs-әdәk) vә yüksәktezlikli maqnit sahәlәri ayrılır. Aşağıtezlikli maqnit sahәlәri ekran divarları boyu güc xәtlәrinin istiqamәtlәnmәsi ilә şuntlanır. Bu effekt ekran materialında hava ilә müqayisәdә yüksәk maqnit keçiriciliyi yaradır. Yüksәktezlikli maqnit sahәsinin ekranda yaratdığı dәyişәn induksiyalı burulğanlı cәrәyanlar zәrәrli maqnit sahәsinin yayılmasının qarşısını alır. Elektromaqnit şüalanmasının qarşısı yüksәktezlikli elektrik vә maqnit E.-sı ilә alınır. E. üçün tәbәqә poladdan hazırlanmış bütöv, yaxud mis vә ya polad mәftillәrdәn hörülmüş torşәkilli ekranlar tәtbiq edilir. Bәzi hallarda qurğuların metal örtüyü ekran rolunu oynayır. Mürәkkәb vә iri qurğular ümumi ekran-kameraların içәrisindә yerlәşdirilir.