EKRANLANMIŞ ZİREH, e k r a n l ı zireh – bir-birindәn müәyyәn mәsafәdә qoyulmuş zireh tәbәqәlәrindәn ibarәt sistem; әsas (monolit) zirehin ardınca gәlәn sadә strukturlu mühafizә vasitәsi. Falşbort (gәminin bort örtüyündә polad kәmәr) şәkilli ilk ekranlar 20 әsrin 30-cu illәrindә tankların gediş hissәsini güllә vә mәrmi qәlpәlәrindәn qorumaq üçün istifadә edilmişdir. Kumulyativ döyüş sursatlarından mühafizә vasitәsi kimi İkinci dünya müharibәsi zamanı “Matilda”, “Çörçill” kimi ingilis vә bir sıra alman tanklarında, müharibәdәn sonrakı dövrdә isә “Senturion”, “Çiften” ingilis tanklarında, Qәrbi Almaniyanın “Leopard” tankında vә bәzi sovet tanklarında tәtbiq olunmuşdur. E.z.-in tәbәqәlәri arasındakı mәsafә döyüş sursatının kumulyativ vә ya fuqas effektini, hәmçinin qәlpәlәrin tәsirini azaldan genişlәndirici kamera rolunu oynayır. Onların mühafizә effekti partlayış mәrkәzini qorunan obyektdәn ayırmaqdan ibarәtdir. Belә zirehlәrin ekran adlanan xarici sәthi nazik metal tәbәqә, armaturlanmış rezin vә ya tordan hazırlanır. E.z.-in sәmәrәliliyi kumulyativ atımın keyfiyyәti, ekranla әsas zireh arasındakı mәsafә, ekranın qalınlığı vә s. parametrlәrdәn asılıdır. Ekranlanma nәticәsindә zirehin sәmәrәliliyi 6–8%, ekranla әsas zireh arasındakı mәsafә 2–2,5 m olduqda isә 25–30% arta bilәr. E.z. ekipajı, elәcә dә tank, gәmi, tәyyarә vә s. obyektlәrin әn mühüm aqreqatlarını mühafizә etmәk üçün tәtbiq olunur.