EKSKAVÁTOR (lat. excavare – qazımaq sözündәn) – torpağı qazıb nisbәtәn yaxın mәsafәdәki nәql. vasitәsinә vә ya başqa yerә boşaldan
özügedәn maşın. E.-un әsas işlәk orqanı çalovdur. Qruntun vә massivdәki yumşaq süxurların işlәnmәsi, yataqlardan faydalı qazıntıların açıq üsulla çıxarılması zamanı, hidrotexniki qurğuların, avtomobil vә d.y.-larının tikintisindә, bünövrә çalalarının qazılmasında vә s. işlәrdә müxtәlif tipli E.-lardan istifadә edilir. İş prinsipinә görә fasilәli, yaxud dövri vә fasilәsiz işlәyәn E.-lar olur. Fasilәli işlәyәn E.-lara birçalovlu ekskavator, hidravlik E. (işlәk orqanları hidravlik silindrlәr vasitәsilә yerini dәyişәn) vә draqlayn, fasilәsiz işlәyәn E.-lara çoxçalovlu ekskavator, rotorlu ekskavator, frezli E. (işlәk orqanı kәskili frez olan) aiddir. Gediş avadanlığının tipinә görә tırtıllı, addımlayan (bax Addımlayan ekskavator), pnevmatik tәkәrli, rels üzәrindә hәrәkәt edәn, üzәn; güc avadanlığına görә elektrik, dizelli, hidravlik, kombinәli (mәs., elektrik-hidravlik, dizel-hidravlik); idarәolunma tipinә görә әl ilә, hidravlik, elektriklә, qarışıq idarә edilәn vә s. E.-lar var.
Torpaqqazan maşınların yaradılması ideyasını 16 әsrin әvvәllәrindә Leonardo da Vinçi vermişdir; o, E.-draqlayn sxemini tәklif etmişdir. Buxarla işlәyәn ilk torpaqqazan maşın 19 әsrdә A.A.Betankurun rәhbәrliyi altında qurulmuşdur. 1834 ildә ABŞ-da B. Otis rels üzәrindә hәrәkәt edәn birçalovlu E. üçün patent almışdır. 19 әsrin axırlarında d.y.-ları tikintisinin genişlәnmәsi ilә E.-ların tәtbiqi artmışdır. 1860 ildә Fransada M.Kuvre tәrәfindәn ixtira edilmiş ilk çoxçalovlu E.-dan Süveyş kanalının inşasında istifadә edilmişdir. 1910 ildә ilk elektrik E.-u, 1912 ildә daxiliyanma mühәrriki olan tırtıllı E., 1920-ci illәrdә açıq mәdәn işlәri üçün rels üzәrindә hәrәkәt edәn, tam dönüşlü E. yaradılmışdır. Sonrakı illәrdә E.-ların tәkmillәşdirilmәsindә әsas mәqsәd onların mәhsuldarlığının artırılması olmuşdur.