EKSPERİMENTAL PSİXOLOGİYA –psixi hadisәlәri eksperiment vasitәsilә öyrәnәn psixologiya. Empirik psixologiyanın müddәalarına әsaslanan E.p. 19 әsrin sonlarından inkişaf etmәyә başlamışdır. Alman psixoloqu V.Vundt eksperimental tәdqiqat üçün ilk cihaz düzәltmiş (1861), Leypsiqdә E.p. laboratoriyası (1879) ya- ratmışdır. E.p.-nın inkişafında hәmçinin H.Ebbinqhauz (Almaniya), V.Brayan vә N.Harter (ABŞ), A.Bine (Fransa), N.Lange, G.Çelpanov, A.Neçayev, V.Bexterev (Rusiya) vә b. mühüm rol oynamışlar. Psixi hadisәlәri eksperimental üsulla öyrәnmәk üçün ilk növbәdә müşahidә vasitәsilә әsas faktlar müәyyәn edilir, sonra faktlar arasındakı asılılıq barәsindә fәrziyyә irәli sürülür, fәrziyyәni yoxlamaq üçün dәqiq eksperimentlәr qoyulur, әldә edilәn faktların tәhlili vә şәrhi nәticәsindә daha dәqiq psixoloji nәticәlәr toplanır. Müasir psixologiya, әsasәn, eksperimental elmdir.