ƏDVİYYAT, әdviyyә – tәrkibindә әdva vә aromatik maddәlәr olan, qidanın dad keyfiyyәtini, hәzmini yaxşılaşdırmaq mәqsәdi ilә ona әlavә edilәn әdviyyat bitkilәrinin qurudulmuş hissәlәri. Dünyada tәqr. 1000000 Ə. bitkisi mәlumdur; onun 3000-i qidada işlәnir. Tәrkibindә, adәtәn, efir yağları, qlükozidlәr, aşı maddәlәri olur. Ə.dan kulinariyada, yeyinti sәnayesindә (konserv, qәnnadı, çörәk-bulka, likör-araq), hәmçinin tibdә vә әtriyyatda istifadә edilir. Ən qiymәtli Ə. tropik bitkilәrdәn alınır. Bitkinin toxumlar (cövüz, xardal), meyvәlәr (bibәr, vanil, cirә), çiçәklәri, yaxud onun hissәlәri (yerqulağı, mixәk), yarpaqları (dәfnә yarpağı), qabığı (darçın), kökümsovu (zәncәfil) Ə. kimi işlәdilir. Bir qayda olaraq, Ə.-lar bu vә ya digәr emal prosesindәn (qurudulma, hәmçinin fermentlәşdirmә, tәmizlәnmә, qaynadılma) keçir.
Bütün dünyada yayılmış vә hәr bir milli mәtbәxdә geniş istifadә olunan Ə. çox qәdim zamanlardan mәlumdur. Ehtimallara görә, qәdim insanlar yemәklәrindә Ə.-dan istifadәyә duzdan daha әvvәl başlamış, isti iqlim şәraitindә müxtәlif qida mәhsullarını saxlamaq mәqsәdilә onun bakterisid tәsirindәn yararlanmışlar. Ə.-dan hәmçinin dini ayinlәr zamanı, elәcә dә tәbabәtdә geniş istifadә olunmuşdur. Ə. adına ilk dәfә tәqr. e.ә. 3000 ildә Qәdim Şәrq sivilizasiyalarına (Çin, Hindistan, Misir) aid mәnbәlәrdә rast gәlinir (darçın Çindә hәlә e.ә. 2700 ildә işlәdilirdi). Antik dövrdә yunan vә romalılara da Ə. mәlum idi. Qiymәti çox yüksәk olan Ə.-ın tәdarükçülәri Hindistan, Seylon, Cәnubi Asiya, Kiçik Asiya, Orta Şәrq, Afrika vә Aralıq dәnizi ölkәlәri sayılırdı. Plini Qәdim Romada sakinlәrin hәr il ekzotik vә әtirli Ə.-a 50 mln. sestersi xәrclәdiklәrini qeyd edirdi. I Alarix eramızın 408 ilindә romalılar üzәrinә xәrac qismindә 5000 funt qızılla yanaşı, 3000 funtluq istiot tәlәbi dә qoymuşdu.
Erkәn orta әsrlәrdә Roma imperiyasının süqutu ilә әlaqәdar Ə. ticarәti tәnәzzülә uğramış vә yalnız 7 әsrdә yenidәn canlanmışdı. Əsas ticarәt mәrkәzinә çevrilmiş Konstantinopola Ə.-ı әrәb tacirlәri gәtirir vә Bizans tacirlәri vasitәsilә avropalılara satırdılar. Pireney y-a-nda isә әrәblәr avropalılarla birbaşa ticarәt aparırdılar. Bizans imperiyasının süqutundan sonra Ə. ticarәti yenidәn zәiflәdi. Sәlib yürüşlәri zamanı Avropaya müәyyәn qәdәr Ə. gәtirilsә dә, әhalinin ehtiyaclarını tam ödәmirdi. Katolik kilsәsinin müsәlmanlarla birbaşa ticarәt әlaqәlәrini qadağan etmәsi tacirlәrin narazılığına sәbәb olurdu. Venesiyanın Roma papası III İnnokentidәn müsәlmanlarla Ə. ticarәti aparmaq üçün müstәsna razılıq alması ticarәti yenidәn canlandırdı. 13 әsrin әvvәllәrindәn Ə. ticarәti Venesiya, Genuya vә Piza arasında bölüşdürüldü. 14 әsrdәn Venesiya tacirlәri Ə. ticarәtindә inhisarçı oldular. Bu dövrdә Molukk a-rından vә qonşu regionlardan malayyalıların topladığı Ə. әrәb tacirlәri tәrәfindәn alınır vә Malakkaya gәtirilir, burada Malakka sultanına rüsum ödәnildikdәn sonra iri gәmilәrә yüklәnirdi. Gәmilәr Hindistan vә Ərәbistan y-a sahillәri boyunca üzәrәk Oman körfәzi, yaxud Misir sahilindә boşaldılır, tranzit ödәnişindәn sonra Ə. karvanlarla Aralıq dәnizi sahillәrinә çatdırılır, Nilin mәnsәbindә isә Venesiya tacirlәrinin iri gәmilәrinә yüklәnirdi. Ümumiyyәtlә, Ə.-ın istehlakçılara çatdırılması tәqr. iki ilә başa gәlirdi. Ə. Avropada çәtin әldә edildiyinә vә baha olduğuna görә cәmiyyәtin iqtisadi vә sosial hәyatına mühüm tәsir göstәrirdi. 18–19 әsrlәrәdәk Ə. tәmtәraq göstәricisi, kapital yığımı vә qarşılıqlı hesablaşma vasitәsi, silahlı münaqişәlәr üçün bәhanә idi. Orta әsrlәrdә Fransada 1 funt cövüzә 3–4 qoyun, yaxud inәk almaq olardı. 12 әsrdә genuyalılar muzdurlara әmәkhaqqını pulla birgә istiotla da verirdilәr. Hәtta cәrimәlәr dә Ə.-la ödәnilә bilәrdi.
Ə.-ın bahalığı sәbәbindәn onun saxtalaşdırılması cәhdlәri dә baş verirdi. Bunun qarşısını almaq üçün dövrә uyğun sanksiyalar tәtbiq edilirdi. Fransada döyülmüş istiotun saxtalaşdırılmasına görә bi-rinci dәfә 1000 livr (tәqr. 60 kq gümüş), cәhdin tәkrarlanmasına görә әmlakın tam müsadirәsi, ticarәtin bağlanması vә hәbs nәzәrdә tutulurdu. Almaniyada zәfәranın saxtalaşdırılmasına görә cinayәtkarı yandırır, yaxud saxta mәhsulla bәrabәr torpağa basdırırdılar.
Ə. Böyük coğrafi kәşflәrin sәbәblәrindәn biri idi. Avropaya Venesiya tacirlәrinin vasitәçiliyi olmadan ilk dәfә Ə.-ı yalnız 1498 ildә Portuqaliya sәyyahı Vasko de Qama gәtirmişdi. O, sonralar daha bir ekspedisiya tәşkil edәrәk Avropaya 2000 t Ə. gәtirmişdi. F.Magellanın sәyahәti portuqalların İspaniya gәmilәrini Afrika sahillәrinә buraxmamaları vә ispanların yeni tranzit yollar axtarmaları ilә bağlı olmuşdur. 16 әsrin әvvәllәrindә yeni әrazilәrin (Amerika) vә burada yeni әdvaların aşkar edilmәsilә Ə. ticarәtinin mәrkәzi Pireney ya-na keçdi. Niderland, İngiltәrә, Fransa vә İspaniyanın müstәmlәkә işğalları ilә әlaqәdar inhisarçı ticarәt mәrkәzi aradan qalxdı: hәr ölkә Ə.-ı öz müstәmlәkәlәrindәn gәtirib ticarәt aparırdı. 1510 ildә İspaniyaya gәtirilәn vanil İngiltәrәdә 1807 ildә, 1601 ildә Avropaya, xüsusilә İngiltәrәyә gәtirilәn Yamayka istiotu yalnız 18 әsrin ortalarında Rusiyada vә digәr ölkәlәrdә İngiltәrә istiotu kimi mәlum oldu.
Ə. ticarәti sahәsindә inhisarçılıq dövlәtlәr vә iri korporasiyalar tәrәfindәn dәstәklәnirdi. 1566 ildә hollandlar Seylonda “darçın vergisi” (12 yaşına çatmış hәr bir kişi ildә 28 kq darçın ödәmәli idi) tәtbiq etmişdilәr. Verginin hәcmi daim artırılaraq ildә 303 kq-a çatdırılmışdı. 1512 ildәn portuqallar, 1605 ildәn isә onları sıxışdırmış hollandlar mixәk vә cövüz yetişdirilmәsini Molukk arxipelaqının iki adasında mәhdudlaşdırmışdılar. Mixәk әsrlәr boyu malayyalıların mәhv edilmәsinin, amansız istismarının, qızğın rәqabәtin, quruda vә suda aparılan müharibәlәrin әsas sәbәbi olmuşdur. 1769–70 illәrdә Fransa müstәmlәkә qoşunları zoğ vә toxumu talamaq mәqsәdilә Niderlandın müstәmlәkә mülklәrinә basqın etmişdilәr. Seylonu B.Britaniyaya güzәştә getmәyә mәcbur olmuş hollandlar burada darçın ağacları plantasiyalarını bacardıqları qәdәr mәhv etmiş vә darçının becәrilmәsini Yava, Borneo, Sumatra adalarına köçürmüşdülәr. Müstәmlәkәçi dövlәtlәr Ə.-ı öz әrazilәrindә becәrmәyә dә cәhd göstәrirdilәr. Uğurlu cәhdlәrdәn biri ingilislәrin Zәnzibarda mixәk becәrmәlәri idi. Uzun müddәt Tanzaniya dünya bazarında mixәyin 90%-nin tәdarükçüsü olmuşdur.
19 әsrin әvvәllәrindәn әvvәlki şöhrәtini vә varlıların әldә edә bilәcәyi mәhsul rolunu itirmiş Ə.-ın qiymәti enmәyә başlamış vә nәhayәt, xörәklәrin tamını dәyişdirmәk, qismәn dә dәrman vasitәsinә çevrilmişdir.
Ə. Azәrb.-da da çox qәdimdәn geniş yayılmışdır. Xörәklәrә (zәfәranlı plov, sarıköklü bozbaş, quymaq, darçınlı firni vә s.), hәmçinin şirniyyat mәmulatlarına (halva, mürәbbә, qoğal, şәkәrbura, paxlava vә s.) vurulan müxtәlif növ Ə. Azәrb. kulinariyasında mühüm yer tutur.
Hazırda Ə. istehsalı üzrә dünyanın lider dövlәtlәri Hindistan, Banqladeş, Türkiyә, ÇXR, Pakistan vә s.-dir. Əsas ixracatçıları Hindistan (hәr il tәqr. 230–250 min t), İndoneziya, Vyetnam vә Braziliyadır. Bununla belә hәr il toplanmış mәhsulun hәcmindәn asılı olaraq bәzi Ə. növlәri üzrә (mәs., dağkeşnişinin dünya bazarında әsas tәdarükçülәri Mәrakeş, Misir, Bolqarıstan, Avstraliya, Rumıniya vә Rusiyadır; İran vә Suriya zirә vә cirә üzrә ixtisaslaşmışdır) digәr ölkәlәr dә ilk sıralara qalxa bilir. Ən iri Ə. istehlakçıları ABŞ, Almaniya, Yaponiya vә Fransadır. Hazırda İstanbulun yerini Sinqapur tutur: Tayland, Şri-Lanka vә Cәnub-Şәrqi Asiyanın digәr ölkәlәrindәn buraya bitki xammalı gәtirilir, emal edilir, ölçülüb qablaşdırılaraq ixrac olunur.
Dünyada әn әsas әdviyyә növü istiot (paprika, çili, Kayen bibәri, ağ vә qara istiot) sayılır; o, Ə. bazarının dövriyyәsini, qiymәtlәrini vә ümumilikdә konyunkturasını müәyyәn edir. Hazırda qara istiotun bir t-unun qiymәti gәtirildiyi ölkәdәn vә çatdırılma vaxtından asılı olaraq 1600– 2000 dollar arasında dәyişir. Əsas tәdarükçü ölkәlәr Vyetnam, Hindistan, Malaziya vә İndoneziyadır. Hәr il bazara tәqr. 180 min t istiot çıxarılır.
Digәr klassik әdvaların hәr t-unun orta qiymәti 1000–3000 dollar (stabil deyil, mәhsuldan asılı olaraq dәyişir) arasındadır; zәfәran, hil, sarıkök vә tәbii vanilin qiymәti daha yüksәkdir. Hazırda dünya bazarında zәfәranın bir kq-ının qiymәti istehsal yerindәn asıll olaraq 13000 dollaradәk olur.