EKSTEROSÉPSİYA, e k s t e r o r e s e p s i y a (lat.exter – xarici + receptio – qәbul) – orqanizmә onu әhatә edәn xarici mühitdәn tәsir göstәrәn qıcıqların qәbulu vә analizi. Bu qıcıqların qәbulu çox mürәkkәb quruluşlu xüsusi törәmәlәr olan eksteroseptorlarla hәyata keçirilir. Mәs., işığın, sәsin, istiliyin qәbul edilmәsi. Müxtәlif xarici qıcıqlandırıcılar eksteroseptorları hәyәcanlandırmaqla canlı orqanizmin әtraf mühitә uyğunlaşması üçün zәruri olan informasiyanın hәcmini, hәmçinin şәrti vә şәrtsiz refleks fәaliyyәtinin xarakterini müәyyәn edir. Orqanizmlәrin tarixi inkişaf prosesindә müәyyәn orqanizm üçün әn әhәmiyyәtli eksteroseptor növlәri yaranır. Mәs., balıqlarda әmәlә gәlәn yan xәtt orqanı suyun hidrodinamik xassәlәrini duymaq üçündür; yarasalarda ultraqısa sәs dalğalarının lokasiyası üçün aparat mövcuddur. Xarici әşyaların qavranılmasında şәrti refleks әlaqәlәri böyük әhәmiyyәtә malikdir. Mәs., gözün torlu qişasından vә әzәlә aparatından gәlәn qıcıqların kombinasiyası әşyadan gәlәn toxunma qıcığı ilә bir neçә dәfә üst-üstә düşәrsә, bu, әşyanın ölçüsünün şәrti siqnalına çevrilir.